Rusiya Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Tramp ilə sanksiyaların ləğvi müqabilində “ən böyük sövdələşmə”nin bağlanmasına dair plan hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə The Economist yazıb.
Müzakirələrdə Qərb şirkətlərinin Rusiyadakı, geri alış hüququ olmadan yerli menecmentə ötürülmüş aktivlərini yenidən satın almasına imkan yaradılması məsələsi də yer alıb. Bu aktivlərin ümumi dəyərinin təxminən 60 milyard dollar olduğu bildirilir.
Eyni zamanda ABŞ tərəfini daha çox qlobal bazarlara təsir göstərə biləcək iri layihələr maraqlandırır. Sənəddə Arktika və Uzaq Şimaldakı zəngin resursların ABŞ və digər “qeyri-dost” ölkələrin fondları üçün cəlbedici ola biləcəyi vurğulanır.
Ukrayna prezidenti Volodimir Zelenski isə daha əvvəl Rusiyanın sanksiyaların yumşaldılması müqabilində ABŞ-a 12 trilyon dollarlıq sazişlər vəd etdiyini açıqlamışdı.
Məlumata görə, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla bir neçə dəfə görüşüb. Təkliflər arasında Arktikada neft-qaz hasilatı, nadir torpaq metalları yataqlarının işlənməsi, nüvə enerjisi ilə işləyən data mərkəzi və Berinq boğazı altında tunelin tikintisi var.
Həmçinin Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə Exxon Mobil-dən müsadirə olunmuş 5 milyard dollarlıq aktivlərin qaytarılmasını təklif edib.
The Economist xəbərdarlıq edir ki, Vaşinqton bu təklifə razılaşarsa, siyasi risklər arta və Rusiya iqtisadiyyatının güclənməsi yeni münaqişə riskini yüksəldə bilər. Nəşrin qənaətinə görə, ABŞ rəhbərliyi bu təklifi soyuqqanlı şəkildə qiymətləndirərək ondan imtina etməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
