Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Ukraynadakı hərbi əməliyyatlar, qlobal siyasi mənzərə və ABŞ-dakı seçkilərlə bağlı bir sıra diqqətçəkən bəyanatlarla çıxış edib.
KONKRET.az xəbər verir ki, Rusiya lideri “xüsusi hərbi əməliyyat” çərçivəsində qarşıda duran birinci və ən başlıca vəzifənin Donbasın azad edilməsinə (ələ keçirilməsinə) nail olmaq olduğunu bildirib. Hərbi əməliyyatların gec-tez başa çatacağını, lakin bu sonun yalnız Rusiyanın qarşıya qoyduğu hədəflərə tam nail olması ilə mümkün olacağını vurğulayan Putin, Rusiyanın Ukraynanın “denasifikasiyası” məqsədindən geri çəkilməyəcəyini bir daha təkrar edib.
ABŞ-dakı siyasi vəziyyətə və seçkilərə də toxunan Rusiya rəhbəri, Donald Trampın 2020-ci il prezident seçkilərində “aldadıldığını” iddia edib. O, həmin dövrdə tətbiq olunan poçt vasitəsilə səsvermə sisteminin heç bir beynəlxalq standarta cavab vermədiyini vurğulayıb. Rusiya Prezidenti maraqlı bir iddia ilə çıxış edərək bildirib ki, əgər Donald Tramp hakimiyyətdə qalsaydı, Ukraynadakı hərbi münaqişə bəlkə də heç başlamazdı, çünki o, problemin dinc yolla həllinin tapılmasına daha çox diqqət ayıra bilərdi.
Çıxışının sonunda qlobal tərəfdaşlıq mövzusuna toxunan Putin, Rusiya ilə Hindistan arasında xüsusi, etibarlı və qardaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. İqtisadi əlaqələrin miqyasından bəhs edən Rusiya lideri, Rusiyanın nəhəng enerji şirkəti olan “Rosneft”in indiyə qədər Hindistan iqtisadiyyatına təxminən 25 milyard dollar həcmində nəhəng investisiya yatırdığını da bəyan edib.
Natiq Səlim,
KONKRET.az
