Vətən müharibəsindən aldığı zərbədən dərs çıxarmayan Ermənistan imzaladığı öhdəlikləri hələ də yerinə yetirmək istəmir. Belə ki, bu günlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Ordumuz düşmənin bu təxribatını da uğurla dəf edib. Təəssüf ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verərək, “Dağlıq Qarabağ” ifadəsini yenidən gündəmə gətirib. Qərb dövlətləri isə Azərbaycandan öz haqq savaşından geri çəkilməsini tələb edib.
Bəs görəsən, Ukrayna məsələsində Rusiyanı işğalçı adlandıran Qərb, niyə Qarabağ məsələsində ikili standartlara yol verir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əhəd Məmmədli cavablandırıb.
O bildirdi ki, Türkiyənin güclənməsi və regiona qayıtması böyük güclərin narahatlığına səbəb olub:
“Qarabağ yeganə məsələdir ki, Rusiya və Qərbin mövqeləri üst-üstə düşür. Bu məsələdə nəinki Qərblə Rusiyanın, hətta Hindistan və Çinin də mövqeləri eynidir. Çünki əksər dövlətlər Azərbaycana qarşı və anti-türk və anti-islam mövqeyindədir. Türkiyənin güclənməsi və regiona qayıtması böyük güclərin narahatlığına səbəb olub. Türkiyə bu məsələdə Azərbaycanın yanındadır. Rusiyanın Ukraynaya təcavüzündə Qərb Rusiyanı ciddi tənqid atəşinə tutur. Çünki Qərbin bir vaxtlar səpdiyi toxumlar indi cücərir. Vaxtilə ABŞ, Fransa, Böyük Britaniya da belə haqsızlıqlar edib. İndi isə Rusiya onların yolu ilə gedir. Qarabağ məsələsi bir daha onu göstərir ki, heç bir beynəlxalq hüquq yoxdur, güc varsa, ədalət də var. Kim güclüdürsə, o da haqlıdır. Ona görə də, Azərbaycan öz gücünüdən istifadə etməli, Türkiyə və Pakistanı yanına alıb ərazilərini terrorçulardan təmizləməlidir”.

Politoloq erməni silahlı dəstələrinin təxribat törətdiyi Fərrux kəndinin strateji əhəmiyyətindən də söz açdı:
“Fərrux kəndi strateji əhəmiyyəti olan bir kənddir. Orada təkcə kənd yox, bir neçə təpə var ki, onlara nəzarət çox mühümdür. Bu nəzarət tam təmin edildikdən sonra keçmiş Ağdərə və Xankəndi ordumuzun nəzarəti altına keçəcək. Çünki bu təpələr ermənilərdə olduğu müddətdə onlar Ağdam rayonuna bütövlükdə nəzarət edirdi. Bu, çox strateji bir məsələdir. Son məlumatlara görə, Azərbaycan ordusu bu nəzarəti təmin edə bilib. Bu isə o deməkdir ki, artıq terrorçular ərazilərimizdə rahatlıqla hərəkət edə bilməyəcək. Sözügedən kəndə nəzarəti təmin etməklə ordumuz qısa müddətdə torpaqlarımızı erməni terrorçularından təmizləyəcək”.
Şəbnəm Mehdizadə,
KONKRET.az