Qarabağdakı qanunsuz erməni silahlılarını kim tərksilah edəcək – Azərbaycan, yoxsa Rusiya? – DETALLARbackend

Qarabağdakı qanunsuz erməni silahlılarını kim tərksilah edəcək - Azərbaycan, yoxsa Rusiya? - DETALLAR

Son zamanlar Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında fəaliyyət göstərən və özünü “DQR Müdafiə Ordusu” adlandıran qeyri-qanuni silahlı birləşmələr yenidən fəallaşıb. Bu qanunsuz silahlı birləşmələr demək olar ki, hər gün Azərbaycan ordusunun Ağdam, Xocavənd, Xocalı və digər rayonlardakı mövqelərini atəşə tutur. Baş verən hadisələrin genişmiqyaslı eskalasiyaya səbəb olmaması, Azərbaycan ordusunun təxribatlara son dərəcə sərt cavab verməsi ilə əlaqədardır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Kamran Rüstəmovun sözlərinə görə, Azərbaycan qondarma “DQR ordusu”nun tam və qeyd-şərtsiz tərksilah edilməsində maraqlı olan yeganə tərəfdir:  “Özünü “Artsax Təhlükəsizlik Şurasının katibi” adlandıran Vitali Balasanyan qeyri-qanuni qrupların hərəkətlərinin güclənməsi fonunda sərsəm açıqlamalar verib. O bəyan edib ki, Qarabağ separatçıları nəinki Ermənistan rəhbərliyinə “müdafiə ordusunun buraxılması ilə bağlı təklif etməyib, hətta qanunsuz silahlıları tez bir zamanda “modernləşdirmək” niyyətində olduğunu açıqlayıb. Həmçinin Balasanyan bildirib ki, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində beynəlxalq təminat adı altında demilitarizasiya zonası yaradılsa, o zaman “Dağlıq Qarabağ”ın “müdafiə ordusu”na ehtiyacı qalmaya bilər. Üstəlik, noyabrın 11-də baş nazir Nikol Paşinyan Ermənistanın ictimai televiziyasına müsahibəsində bu ideyanı bir qədər də inkişaf etdirib. Bildirib ki, əgər Rusiya sülhməramlıları bütün təmas xətti boyunca yerləşdirilərsə, o zaman “Artsax liderləri” “DQR Müdafiə Ordusu”nun yerinə “müdafiə bölmələri” yaradacaqlar. Ancaq Qarabağ separatçılarının liderlərindən hansının bu təklifi Nikol Paşinyana çatdırdığı bəlli deyil. Və doğrudanda “DQR Müdafiə Ordusu”nun buraxılması və onun əsasında hansısa “özünümüdafiə dəstələri”nin yaradılması planı varmı? Balasanyan Xankəndinə çıxışı zamanı bu məsələyə son qoyub və belə müzakirələrin ümumiyyətlə olmadığını bildirib”.

Politoloq əlavə edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin əksinə olaraq, məğlub Ermənistan ordusunun qalıqları hələ də Rusiyanın məsuliyyət zonasında fəaliyyət göstərir: “Bakının diplomatik təzyiqi ilə rəsmi İrəvan nizami ordunun qalıqlarını Qarabağdan tamamilə çıxardığını bəyan etsə də, Ermənistan vətəndaşlarının hələ də Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələrin tərkibində xidmət keçdiyini sübuta yetirən çoxsaylı faktlar mövcuddur. Eyni zamanda, Azərbaycan mətbuatında hüquq-mühafizə orqanlarından daxil olan məlumatlar dərc olunur. Hansı ki, bu məlumatlarda həmin qeyri-qanuni birləşmələrə xarici dövlətlərin təlimatçıları tərəfindən təlimlər keçirildiyi vurğulanır. Yəni təxminən 10-15 min nəfərdən ibarət ermənilərin qanunsuz silahlı dəstəsi hələ də Qarabağın dağlıq hissəsində təhlükə və gərginlik mənbəyi olaraq qalır”.

Paşinyanın sözlərinə görə, Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırmağa razılaşarsa, Ermənistan ordusu bu qanunsuz birləşmələrin “özünümüdafiə qüvvələri”nə çevrilməsinə etiraz etməyəcək

“Aydındır ki, Azərbaycan heç bir halda öz ərazisində hərbisizləşdirilmiş zona yaratmayacaq və müvafiq olaraq Rusiya sülhməramlılarının sayının artırılmasına imkan verməyəcək. Rəsmi Bakının dəfələrlə verdiyi bəyanatlara görə, qeyri-qanuni birləşmələr qeyd-şərtsiz tərksilah olunmadan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyini müzakirə etməyin zərrə qədər mənası yoxdur. Bəs bu məsələdə konsensus əldə olunsa, qanunsuz qruplaşmaları kim tərksilah edəcək? Qarabağ separatçıları ilə sözün əsl mənasında eyni dildə danışan Ermənistan, yoxsa sülhməramlıların mandatının qeyri-müəyyənliyinə istinad edən Rusiya? Bütün bu suallar hələlik açıq qalır. Bir sözlə, Azərbaycan qondarma “DQR ordusu”nun tam və qeyd-şərtsiz tərksilah edilməsində maraqlı olan yeganə tərəfdir. Bu isə o deməkdir ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan bütün ərazilərdə xüsusi əməliyyat qaçılmazdır. Bununla belə, Azərbaycan ordusu dəfələrlə sübut edib ki, Rusiya sülhməramlılarının öz ərazisində müvəqqəti  yerləşməsi heç bir halda bütün komandirlərə və qanunsuz silahlı birləşmələrin üzvlərinə toxunulmazlıq zəmanət vermir” – politoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*