“Bu, Putin-Ərdoğan sövdələşməsinin nəticəsidir və indi Rusiya reputasiyasını xilas etməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri, “Modus vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papyan erməni mediasına müsahibəsində deyib.
O, sərhəddə baş verən toqquşmaları belə şərh edib:
“Buna sülhün zorla qəbul etdirilməsi deyilir. Azərbaycan guya erməni tərəfinin sülhdən yayındığını göstərməyə çalışır, onlar isə sülhə məcbur edirlər. Amma məsələ ondadır ki, onlar sadəcə olaraq de-yure və de-fakto nailiyyətlərini möhkəmləndirmək və Ermənistanı Qarabağdan tamamilə imtina etməyə məcbur etmək istəyirlər.
İkincisi, dəhliz məsələsini həll etmək istəyirlər. Üçüncüsü, bütün mübahisəli məsələləri öz xeyrinə həll etməklə, inzibati sərhədləri onlara lazım olan tərzdə dövlət sərhədi kimi tanıtsınlar. Onlar Ermənistan rəhbərliyinin düzgün istiqamət tutmadığını görüb, oyuna girməyə razılaşırlar və iki ildir ki, ciddi bir iş görmürlər”.
Daha sonra Papyan Ermənistanın yardım üçün Rusiya, KTMT və BMT Təhlükəsizlik Şurasına müraciətinə münasibət bildirib.
“Rusiyadan heç nə gözləmək olmaz, çünki bu ölkə müqavilə öhdəliklərinə görə, hətta müraciət etmədən də dərhal cavab verməli idi.
Ermənistan və Rusiyanın ümumi maraqlarını da nəzərə alsaq, Rusiya tərəfindən heç bir istək görmədik. Bu, KTMT-yə də aiddir, onun üzvləri – Belarus və ya Qazaxıstan da bizə kömək etməkdə maraqlı deyil.
Amma BMT Təhlükəsizlik Şurasına müraciət düzgün addımdır. Nəzərə alsaq ki, Fransa indi sədrlik edir, o, bu məsələni qaldıracaq. Təbii ki, yekun qərar olmayacaq, qətnamə qəbul edilməyəcək, Rusiya mütləq veto qoyacaq, sonra bunu Çinin üzərinə atacaq, amma məsələnin bu səviyyədə müzakirəsi artıq faydalıdır”, – deyə Ara Papyan bildirib.
Papyan Rusiyanın vasitəçiliyi ilə atəşkəsin əldə olunması ilə bağlı məlumatlara toxunaraq qeyd edib:
“Birincisi, bizdə olan məlumatlara görə, buna tam əməl olunmur və qarşıdurmalar davam edir. Digər tərəfdən, bunu proqnozlaşdırmaq olardı, müharibəni Rusiya özü qızışdırdı.
Moskvadakı çoxsaylı mənbələr bunun Putin-Ərdoğan sövdələşməsinin nəticəsi olduğunu təsdiqləyir. İndi Rusiya barışığa nail olduğunu deməklə simasını xilas etməyə çalışır. Bu, əlbəttə ki, ciddi və uzunmüddətli deyil”.
Xuraman Etibarlı,
KONKRET.az
