Ermənistan Baş naziri Nikol Paşinyanla erməni generalların görüşündən sonra keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın səlahiyyətlərini müvəqqəti icra edəcək şəxsin adı bəlli oldu. Bu vəzifəni Onik Qasparyanın müavini general-leytenant Stepan Qalstyan icra edəcək.
KONKRET.az xəbər verir ki, Qalstyan Ermənistan ordusunda uzun zamandır əsas söz sahibi olan generallar sırasındadır. Erməni general 2007-ci ildə hərbi aviasiyaya rəhbərlik edib, 2009-cu ildə isə Baş Qərargah rəisinə müavin gətirilib. Burada Qalstyanın kurasiyasına əvvəl rəhbərlik etdiyi sahə – aviasiya verilib. Qalstyan Baş Qərargah rəisləri, müdafiə nazirləri və hətta dövlət başçıları dəyişsə belə, son 12 il ərzində postunu qoruyub saxlaya bilib.
Qalstyanın dövründə Ermənistan mülki aviasiyası ilə bərabər, hərbi aviasiyası da çöküş yaşayıb. Ermənistan Hərbi Hava Qüvvələrində situasiya elə bir hala gətirilib ki, o, tamamilə Rusiyanın de-fakto nəzarətinə keçib. Görünür, Qalstyanın vəzifədə qalması həm də Rusiyaya sərf edib.
Qalstyanın Ermənistan Hərbi Hava Qüvvələrini çökdürməsi əslində həm də onun biznes maraqları ilə bağlı olub. Erməni general Ermənistanda hakimiyyətdə korrupsioner liderlərin oturmasından yararlanaraq sovet istehsalı olan hərbi yük təyyarələrinin özəlləşdirilməsini həyata keçirib. Təyyarələri isə daha çox dünyanın 3-cü ölkələrindən tapıb.
Qalstyanın yaratdığı “hava donanması” Ermənistan və ofşor zonalarda qeydiyyatdan keçsə də, daha çox Afrikada fəaliyyət göstərib. Xüsusən bu təyyarələr Konqo, Qabon, Ekvatorial Qvineya, Sudan və hətta Əfqanıstana uçuşlar gerçəkləşdiriblər. Bu təyyarələrdə ölkələr üçün gərəkli yüklərlə bərabər, müxtəlif qaçaq malların, o cümlədən silahların daşınmasıyla bağlı ehtimallar var.
Qalstyan yaratdığı bu hava donanmasını necə idarə edib?
Ermənistan mətbuatının iddialarına görə, Qalstyanın nəzarətində iki aviasiya şirkəti olub. Bu şirkətlər təbii ki, birbaşa Qalstyanın adına qeydiyyatdan keçirilməyib.
Qalstayana məxsus şirkətlər 2011-ci ildə yaradılmış “Ridge Airways” və 2008-ci ildə qeydiyyatdan keçirilmiş “Air Highnesses” aviaşirkətləridir. Ermənistanın rəsmi sənədlərində birinci şirkəti Sergey Koçarov, ikincini isə Şahin Hayrapetyan adlı şəxslərin yaratdığı göstərilir. Təsadüfi deyil ki, şirkətlərdən birincisi Qalstyanın Ermənistan hərbi aviasiyasının rəhbəri təyin olunmasından, digəri isə Baş Qərargah rəisinə müavin gətirilməsindən sonra yaradılır. Üstəlik, dövr ərzində general öz şirkətləri üçün 2 AN-12 və 2 İL-76 təyyarəsi alır ki, bunlar üçün də 9 milyon dollar ödəniş edir. Bəzi mənbələr isə Qalstyanın aldığı təyyarələrin beş olduğunu, onlardan dördünün Afrikada, birinin isə Əfqanıstan istiqamətində çalışdığı fikrini irəli sürürlər.
Yuxarıda adı çəkilən şirkətlərin Qalstyanla bağlılığı isə sonradan ictimaiyyətə bəlli olur. Belə ki, “Ridge Airways” yaradıldığı zamanı şirkətin baş meneceri kimi Şahin Hayrapetyanın adı göstərilir, lakin az sonra o, yerini general Qalstyanın həyat yoldaşı Natalya Qalstyana verərək, şirkəti sənəd üzərində tərk edir.
Qalstyanın Afrika və bir sıra münaqişə ocaqlarındakı biznesi də tam şəkildə ortaya məhz bu dəyişiklikdən az sonra çıxır. Belə ki, 2012-ci ilin noyabrında Konqonun paytaxtı Brazzavil hava limanında EK76300 bort nömrəli İL-76 təyyarəsi qəzaya düşür. Təyyarə uçuş zolağından çıxdıqdan sonra məhəllələrdən birinə istiqamətlənərək, orada partlayır. Bu partlayış nəticəsində təyyarənin iki ukraynalı, 5 ermənidən (ölənlərdən biri Xankəndi hava limanının keçmiş rəhbəri Varazdat Balasanyan idi – red.) ibarət ekipajı, eləcə də dinc sakinlərdən 25 nəfər həlak olur, 20 mülki şəxs isə yaralanır.
Erməni tərəfi təyyarənin ilkin olaraq pis hava şəraiti ucbatından qəzaya düşdüyünü desə də, Afrikada keyfiyyətsiz təyyarələrdə işlədilməyə məcbur edilən erməni pilotlar bu iddianı tam təkzib edirlər. Bəlli olur ki, əslində təyyarədə texniki nasazlıq olub. 2012-ci ilin avqustunda təyyarənin texniki baxışdan keçməsi tələb olunsa da, saxta sənədlərin köməyi isə təyyarənin istismarı davam etdirilib.
Ermənistan mətbuatı təyyarənin Qalstyana məxsus olduğunu yazıb. Lakin Ermənistan Müdafiə Nazirliyi irəli sürülən iddiaları rədd edib.
Bundan bir müddət sonra isə Qalstyanın şirkətləri həm Hayrapetyanın 2013-cü ildə ölməsi, həm də bir sıra başqa səbəblərlə əlaqədar sonradan faktiki olaraq fəaliyyətini dayandırıb./axar.az/
