Qazaxıstanda Azərbaycan dilində intellektual mobil tətbiq hazırlandı – FOTOLARbackend

Qazaxıstanda Azərbaycan dilində intellektual mobil tətbiq hazırlandı - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın İT proqramçıları Azərbaycan dilində “İQ UŞAQ” adlı intellektual mobil tətbiq hazırlayıblar. Proqramçıların sözlərinə görə, mobill tətbiqi ərsəyə gətirməkdə əsas məqsəd informasiya texnologiyalarının sürətli inkişafı şəraitində Azərbaycan dili də daxil olmaqla türk dillərinin qorunması və inkişafına töhfə verməkdir.

KONKRET.-az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, proqramın yaradıcılarından “QazNat” şirkətinin rəhbəri Almas Tapiyevin sözlərinə görə, öz övladına qazax dilini öyrətmək istəyəndə internet üzərində ana dilini öyrədə biləcək mobil həll axtarışı edib və ona məlum olub ki, başqa dillərdə zəngin kontent olsa da qazax dilində belə bir tətbiq yoxdur. Sonra o, bunu özü yaratmaq qərarına gəlib. Ardınca fikirlərini daha da inkişaf etdirərək layihənin bütün türk dillərini əhatə etməsini istəyib.

“Hazırda müxtəlif xarici dillərdə, rusca, ingiliscə balacalar üçün çox sayda mobil tətbiqlər mövcuddur. Lakin bizim uşaqların inkişafına, öz ana dillərini müasir texnoloji vasitələrlə əyləncəli şəkildə öyrənməyə kömək göstərəcək intellektual həllər çox azdır və yaxud heç yoxdur. Bir dəfə öz kiçik oğlum əyani şəkildə bu problemlə qarşılaşanda mən öz ana dilimizdə belə bir proqramı yaratmaq qərarına gəldim. Sonra azərbaycanlı dostlarım tətbiqi Azərbaycan dilinə tərcümə etməyi təklif etdilər. Azərbaycan dilində də bu xarakterli kontentin zəif olduğunu nəzərə alaraq tətbiqi tərcümə etdik. Daha sonra, ideyanı daha da inkişaf etdirərək bütün qardaş türk xalqların dillərini əhatə etməsini istədik. Hazırda mobil tətbiq 4 dildə mövcuddur. Tətbiqin yenilənmiş versiyası “Türk Bala” adlanacaq və uşaqlar bir həlldə istədiyi dili seçərək onu inkişaf etdirmək, türk dillərini müqayisəli şəkildə öyrənmək imkanı qazanacaq. Hazırda bu istiqamətdə iş aparırıq”.

Proqramın Azərbaycan dilinə tərcüməsini isə Nur-Sultan şəhərindəki Azərbaycan Linqvistika məktəbinin rəhbəri və müəlliməsi Nərgiz Kərəmova edib. Onun sözlərinə görə, bu texnoloji həll xüsusilə xaricdə yaşayan azyaşlı uşaqların maariflənməsinə, Azərbaycan dilini öyrənməsinə əhəmiyyətli dərəcədə faydalı olacaq.

Qeyd edək ki, öyrənmək və əylənmək imkanı qazandıram mobil tətbiq əşyalar, rənglər, heyvanlar aləmi, kimi mövzular və məntiqi oyunlar vasitəsilə bir yaşından yuxarı uşaqların intelektual biliklərinin yeni texnologiyaların köməyi ilə artırılmasına və sırf ana dilinin öyrədilməsinə fokuslanıb. Proqramı heç bir ödəniş etmədən Android və IOS proqram təminatını dəstəkləyən mobil cihazlara rahatlıqla yükləmək mümkündür. Yaxın vaxtlarda tətbiqin yenilənməsi və daha da təkmilləşdirilməsi istiqamətində iş aparılır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*