Rusiya prezidenti Vladimir Putin Qərbin qeyri-dost addımlarına cavab olaraq Rusiya-Belarus inteqrasiyasının gücləndirilməsinin vacibliyini vurğulayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Putin son vaxtlar Moskva və Minskin görünməmiş xarici təzyiqlərlə üzləşdiyinə diqqət çəkib: “Əminəm ki, bir sıra dövlətlərin qeyri-dost hərəkətlərinə ən yaxşı cavab Rusiya-Belarus müttəfiqlik əlaqələrinin hərtərəfli gücləndirilməsi, qarşılıqlı faydalı inteqrasiya proseslərinin və bütün sahələrdə ikitərəfli əməkdaşlığın qurulması olar” – Kreml rəhbəri bildirib.
Putin xüsusilə müdafiə potensialının gücləndirilməsinə və iqtisadiyyatın sənaye və kənd təsərrüfatı sektorlarında idxalı əvəz edən siyasətin həyata keçirilməsinə diqqət yetirməyə çağırıb.
Xatırladaq ki, daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarusun “Belarus 1” telekanalına müsahibəsində Putinlə Lukaşenkonun arasındakı unikal münasibətdən söz açıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
