Rusiyanın Altay diyarının nəqliyyat polisi Talmensk rayonunda dəmiryol körpüsündən qızı atan cinayətkarları tez bir zamanda tapmağı bacarıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Altay Xətti İdarəsi yayıb.
Qeyd edilir ki, ötən həftənin sonunda Talmenka kəndinin sakini, 24 yaşlı qız Çumış çayı üzərindəki dəmiryol körpüsünün altında ağır vəziyyətdə tapılıb.
Hadisə yerinə gələn həkimlər ağır bədən xəsarətləri və donma əlamətləri olan qızı xəstəxanaya çatdırıblar.
Nəqliyyat polisi müəyyən edib ki, qızın tanışı, Talmenka kəndinin 20 yaşlı sakini 18 yaşlı dostu ilə qızı körpüyə gətiriblər və oradan tullayıblar.
İdarənin mətbuat xidmətindən bildirilib ki, hər iki şübhəli şəxs tutulub və nəzarətə götürülüb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Babək Göyüş
KONKRET.az
