Son günlər İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsi fonunda Qarabağdakı separatçıların fəallaşması müşahidə edilir. Dünənki erməni təxribatları və bu silahlı insidentdə İran dronlarından istifadə olunması isə səslənən versiyaları sübuta yetirir. Bütün bu arqumentlər fonunda erməni təxribatlarının hansı səbəblərdən artması xeyli suallar doğurur. Bir çox siyasi ekspertlər burada İran faktorunu ön plana çıxarsalar da, bəziləri Rusiyanın və “Qarabağ klanı”nın sülh prosesinə əngəl yaratmaq üçün separatçılara təzyiq göstərdiyini qeyd edirlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, dünənki erməni təxribatının həyata keçirilməsində İranın birbaşa iştirakını sübut etmək üçün ciddi təhqiqata ehtiyac yoxdur: “İran artıq Azərbaycana qarşı hədələrdən əməli işə keçib. Hələlik bu istiqamətdə Ermənistan hərbçilərindən proksiləri kimi istifadə edirlər. İran dronlarından dünənki hadisələr zamanı istifadə edildiyi barədə məlumat verilir. Bu, təsdiqini taparsa, o zaman İranın Azərbaycana qarşı müharibəyə başlaması barədə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq lazım gələcək. Hadisələrin Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryanın iranlı həmkarı ilə görüşündən cəmi bir gün sonra baş verməsi, rəsmi Tehranın tətikləyən və istiqamət verən qüvvə olması fikrini təsdiq edir. Armen Qriqoryan Şamxanidən xeyir – dua aldıqdan sonra hücum başlayıb”.

Politoloqun sözlərinə görə, Ermənistan təbii ki, nəzərdə tutulan sülh danışıqlarını pozmaq üçün bu addımı atdı: “Çünki dövlət rəhbərlərinin yaxın vaxtlarda görüşə biləcəkləri haqda məlumatlar ciddiləşirdi. Ermənistanın fikrincə, bu görüşlər və sülh müqaviləsi ətrafında aparılan danışıqlar İrəvan üçün yaxşı heç nə vəd etmir. Beynəlxalq təşkilat və aparıcı oyunçular Azərbaycanın təqdim etdiyi gündəliyi əsas götürürlər. Belə bir vəziyyətdə danışıqlara getməkdənsə, onlar müddəti uzatmağı daha üstün tuturlar. Bunun üçün isə ən əlverişli variant atəşkəsi pozmaqdır. Çünki silahlı münaqişəni başladan tərəfin Azərbaycan olduğunu söyləməyə artıq vərdiş ediblər. Azərbaycan tərəfi bütün hallarda ermənilərin təxribatlarının qarşısını almalı və onları atəşkəsi pozduqlarına görə peşman etməlidir. Yalnız bu yolla İran-erməni birliyinin təxribatlarına son qoymaq olar”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
