“Quş oxumağı bacarırdı, amma uça bilmirdi” – mafiyanın ən amansız qatillərindən birinin qanlı sonubackend

“Quş oxumağı bacarırdı, amma uça bilmirdi” – mafiyanın ən amansız qatillərindən birinin qanlı sonu

Kriminal tarixdən

“Quş oxumağı bacarırdı, amma uça bilmirdi”.

İtalyan atalar sözü

1957-ci il oktyabrın 25-də Nyu-Yorkun dəbdəbəli “Şeldon” hotelinin bərbərxanasında qanlı hadisə baş verdi.

Maskalı iki naməlum şəxs kresloda oturmuş, saçını kəsdirməyi hələ başa çatdırmamış bir kişinin kürəyinə beş güllə sıxdı. Qətlə yetirilən şəxsin adı Alberto Anastasiya idi.

Hadisənin şahidi olan bərbər sonradan istintaqa yalnız bir neçə təfərrüat danışa bildi. Onun sözlərinə görə, silahlılardan biri nəzakətlə ona müraciət edərək belə demişdi:

“Maşını söndürün, səsi məni əsəbiləşdirir…”

Atəş açılan anda Alberto da müqavimət göstərməyə, hücum edənlərə qarşı hərəkət etməyə çalışmışdı. Lakin güzgüdə əks olunan mənzərə onun üçün ölümcül tələyə çevrildi.

Beləcə, məşhur italyan mənşəli amerikalı qanqsterin həyatına son qoyuldu. O, ABŞ-ın müxtəlif şəhərlərində yüzlərlə qətllə əlaqələndirilən, “Qatil Sindikatı”nın rəhbərlərindən biri və Nyu-York mafiyasının ən güclü ailələrindən birinin başçısı idi.

Anastasiyanın müxtəlif ləqəbləri vardı: “Dəli Papaqçı”, “Ali Cəllad Lord” və hətta qeyri-adi döyüş qabiliyyətinə görə “Təkadamlıq Ordu”.

Amma bu “ordu”nun ailə həyatı da diqqətçəkən idi. Əsl soyadı Anastasio olan Alberto özünü daha çox Anastasiya kimi təqdim etməyə üstünlük verirdi. Onun dörd qardaşı da cinayət aləmi ilə əlaqəli idi, beşinci qardaşı isə keşiş idi. Elə bil, nağıllardakı kimi, eyni ailədə həm cinayət, həm də din bir araya gəlmişdi.

Müxtəlif mənbələrə görə, Alberto şəxsən 30–60 nəfərin qətlində iştirak etmiş ola bilərdi. O, on dəfə həbs edilmişdi. Həbs səbəblərinin beşinin qətllə bağlı olduğu bildirilirdi. Ancaq şahidlərin müəmmalı şəkildə yoxa çıxması və ya ifadə verməməsi səbəbindən cinayətlərin üstünü açmaq mümkün olmurdu.

Nəticədə Anastasiya qanunsuz silah saxlamağa görə cəmi iki il həbsdə yatmışdı. Ədalət mühakiməsi, demək olar ki, onun yaxasından tuta bilməmişdi.

O, mafiyanın ən nüfuzlu simalarından Salvatore Maranzanonun qətlə yetirilməsinin təşkilində də adı hallanan şəxslərdən biri idi.

Ölümündən sonra qəzetlərdə qəribə yazılar dərc olunurdu. Bəzi nəşrlər onu, sanki, bədbəxt bir insan kimi təqdim edir, ürəyinin yumşaq olduğunu, heç kimi nifrət üzündən öldürmədiyini, yaşlı anasını çox sevdiyini yazırdılar. Onun istedadlı olduğu, xüsusilə də sərrast atəş açmağı bacardığı vurğulanırdı.

Cinayət aləminin qanunları isə mərhəmət tanımırdı. Bir vaxtlar başqalarının taleyini müəyyənləşdirən adamın öz taleyi də amansızlıqla həll olundu.

Anastasiyanın ölümündən sonra mafiya iyerarxiyasında yaranan boşluq uğrunda mübarizə gücləndi.

Sonrakı illərdə Vito Cenevese kimi nüfuzlu qanqsterlər ön plana çıxdılar. Mütəşəkkil cinayətkarlıq aləmində köhnə qayda yenə qüvvədə idi: bir nəfərin yeri boşalırsa, onu tutmağa hazır olan başqası mütləq tapılır.

Anastasiyanın qətlinə görə isə heç kim məhkum edilmədi.

Bir maraqlı detal da var. Rəvayətə görə, hadisədən bir müddət sonra “Şeraton” hotelinin bərbərxanasında müştərilərin oturduğu kreslolar güzgülərə tərəf deyil, əks istiqamətə çevrildi. Guya, bundan sonra saçını kəsdirməyə gələnlər öz əkslərini güzgüdə görə bilmirdilər.

Bu detalın həqiqiliyini təsdiqləmək çətin olsa da, hadisənin kriminal tarixdə buraxdığı izlərin nə qədər dərin olduğunu göstərir.

Bəzən ən amansız qatillər belə öz sonlarını görə bilmirlər. Alberto Anastasiya başqalarının ölümünə hökm verənlərdən biri idi. Ancaq 1957-ci il oktyabrın 25-də o, öz taleyinin qarşısında müdafiəsiz qaldı.

Quş oxumağı bacarırdı, amma uça bilmirdi…

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*