Ramazan ayında nələrə diqqət etməliyik? – AÇIQLAMAbackend

Ramazan ayında nələrə diqqət etməliyik? - AÇIQLAMA

Sabah 11 ayın sultanı Ramazanın ilk günüdür. İslamın müqəddəs bayramları içərisində orucluq ayı mühüm yer tutur. Azərbaycanda da oruc tutan şəxslərin sayı kifayət qədərdir.

Bəs görəsən, tutduğumuz orucların qəbul olması üçün nələri bilməliyik? Bu ayda hansı qidalardan istifadə edilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Ramazan mərhəmət, şəfqət, rəhmət ayıdır:

“Bu ayda İslam dininin müqəddəs kitabı “Quran” nazil olub. Ramazan ayında cənnətin qapıları taybatay açılır. Cəhənnəmin qapıları isə kilidlənir. Ramazanın fəzilətinə inanaraq oruc tutan, ibadət edən, sədəqə verən hər bir şəxs ilahi ziyafətə dəvət edilir. Gün çıxandan gün batana kimi yalandan, qeybətdən, Allahın sevmədiyi əməllərdən mühafizə olunan şəxs günün sonunda Allah tərəfindən mükafatlandırılır. Bu ay həm də ilahi bir fürsətdir. Həmin fürsəti dəyərləndirmək isə artıq iman, ilahi etiqad məsələsidir. Azərbaycan dünyəvi dövlət olsa da, xalqımızın dini dəyərlərə bağlılığı var. Hər birimiz bu ayda Allahdan özümüzə və yaxınlarımıza, ehtiyacı olanlara rəhmət və bərəkət istəməliyik”.

 

Həkim-dietoloq Ofelya Tahirova bildirib ki, Ramazan ayı insan orqanizmi üçün çox faydalı bir dövrdür:

“Oruc tutan şəxsin il ərzində mədə-bağırsağında toplanan zərərli bakteriyalar, ağır metallar və toksinlər təmizlənir. Bu ay həm də bədənimizin təmizlənmə ayıdır. Oruc tutanlar bir ay ərzində qida rejiminə xüsusi diqqət etməlidir. İlk növbədə qazlı və şirəli içkilərdən, fəstfudlardan, ağır şirniyyatlardan uzaq olmalıyıq. Səhər yeməyində rahat həzm olunan qidalara üstünlük verilməlidir. Əsasən zülal tərkibli qidalar məsləhət görülür. Çünki uzun zaman kəsiyində həmin qidalar insanı tox saxlayır və susuzluğun qarşısını alır. Yumurta, pendir, kəsmik və müxtəlif tərəvəzlərdən istifadə edə bilərik. Səhər yeməyə başlamazdan əvvəl mütləq ilıq su içilməlidir. İmsakı bitirdikdən 10 dəqiqə sonra isə bol maye qəbul etmək lazımdır”.

O.Tahirova deyir ki, iftarın su və ya xurma ilə açılması məsləhətdir:

“Su içdikdən 10-15 dəqiqə sonra yeməyə başlamaq olar. Bu ayda sulu yeməklərə xüsusilə diqqət etmək lazımdır. Qızardılmış yağlı yeməklər və şirniyyat qəbulu məsləhət deyil. Çörəkdən imtina etmək lazımdır. Çünki çörəkdən çox istifadən insan daha çox acır. Ardıcıl və çox yemək də məsləhət deyil. Fasilə ilə müxtəlif yeməklərin dadına baxmaq olar. Oruc tutan şəxsin ət məshullarından istifadəsi vacibdir. Quş və balıq əti daha məqsədəuyğundur. İftardan yarım saat sonra isə bitki çayı içilərsə, daha yaxşı olar. Çünki bitki çayı həm sidikqovucudur, həm də bədəndən toksinləri xaric edir. Bundan sonra yeməyi dayandırmaq və yatana kimi maye qəbul etmək lazımdır”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*