Boşanma prosesi uzanırsa, aliment almaq üçün məhkəmənin yekun qərarını gözləməlisiniz?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,boşanma prosesi zamanı bəzi valideynlər müxtəlif səbəblərlə məhkəmə prosesinin uzanmasına çalışır. Bu müddətdə isə uşağın gündəlik ehtiyacları, təhsili, müalicəsi və digər xərcləri davam edir.
Bəs belə vəziyyətdə uşaq alimentdən məhrum qalmalıdırmı? Cavab birmənalı olaraq,Xeyr!
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Yəni alimentin hesablanması üçün boşanma haqqında yekun məhkəmə qərarının qüvvəyə minməsini gözləmək tələb olunmur.
Daha vacibi, Ailə Məcəlləsinin 101-ci maddəsinə əsasən, məhkəmə aliment tələbinə dair yekun qərar qəbul edilənədək alimentin müvəqqəti tutulmasını da qət edə bilər.
Bunun üçün uşağın saxlanılması ilə bağlı mövcud ehtiyacları, ailənin maddi vəziyyətini və müvəqqəti alimentin zəruriliyini əsaslandıran halları məhkəməyə təqdim etmək vacibdir.
Unutmayın, məhkəmə mübahisəsinin davam etməsi uşağın ehtiyaclarını gözlətmir. Valideynlərin övladlarını saxlamaq vəzifəsi isə boşanma prosesindən asılı deyil.
Hüquqlarınızı bilin və uşağınızın qanuni mənafelərinin qorunması üçün vaxtında hüquqi addımlar atın.
