Telefonlarımız bizi dinləyir – Dinləmə qurğularına özümüz haqqında hər şeyi açıqlayırıq – ŞOK TƏFƏRRÜATLARbackend

Telefonlarımız bizi dinləyir - Dinləmə qurğularına özümüz haqqımızda hər şeyi açıqlayırıq - ŞOK TƏFƏRRÜATLAR

Bizi dinləyən telefonlarla bağlı hekayələrin demək olar ki, hamısı eyni cür başlayır: heç nə axtarmamışıq, sadəcə hansısa məhsul və ya xidmət haqqında danışmışıq, bir qədər sonra isə həmin mövzu ilə bağlı reklam qarşımıza çıxıb.

Bu məsələ ətrafında son mübahisələrdən birindən sonra telefonumda “App Privacy Report” (Tətbiq Məxfilik Hesabatı) funksiyasını aktivləşdirdim. Sonra isə, demək olar ki, unutdum. Bu yaxınlarda yenə kimsə telefonların bizi mütləq dinlədiyini iddia etdi və öz başına gələn hadisəni nümunə göstərdi.

Mən də yenidən məxfilik hesabatına baxmaq qərarına gəldim. Bu funksiya iPhone-da mövcuddur və son yeddi gün ərzində tətbiqlərin hansı məlumatlara çıxış əldə etdiyini, eləcə də hansı internet ünvanları ilə əlaqə saxladığını göstərir.

Hesabatdan məlum oldu ki, son bir həftə ərzində mikrofonumdan yalnız FaceTime, kamera və Claude tətbiqində səsli daxiletmə zamanı istifadə olunub. Telegram-da da mikrofon aktivləşib, amma bu, təsadüfən səsli mesaj yazmaq düyməsinə toxunduğum zaman baş verib. Facebook və Instagram isə mikrofonuma bir dəfə də olsun müraciət etməyib.

Bu nəticələr elmi araşdırmalarla da müəyyən qədər üst-üstə düşür. 2018-ci ildə Northeastern Universitetinin tədqiqatçıları Facebook da daxil olmaqla, 17 min populyar mobil tətbiqi yoxlayaraq onların istifadəçiləri gizlicə dinlədiyinə dair sübutlar axtarıblar. Araşdırma zamanı heç bir tətbiqin əsaslı səbəb olmadan mikrofonu gizli şəkildə aktivləşdirdiyi müəyyən edilməyib. Bununla belə, tədqiqatçılar istifadəçinin ekran görüntülərini göndərən bir neçə tətbiq aşkarlayıblar. Amma bu, artıq başqa mövzudur.

Bir də Cox Media Group (CMG) məsələsi var. Şirkət telefonların mikrofonları vasitəsilə istifadəçiləri dinləyərək onların maraqlarına uyğun reklamlar seçə bildiyini iddia edirdi. Lakin sonradan şirkət reklamçılara bu imkanlarla bağlı yanıltıcı iddialar təqdim etdiyinə görə cərimələndi. Bir sözlə, məşhur “telefonlarımız bizi dinləyir” iddiasının bu nümunəsi də ciddi sübutdan çox, qorxu üzərindən qurulmuş marketinq strategiyasına bənzəyirdi.

Bu yaxınlarda bir dostuma soyuducuları sındıran hakerlər haqqında ekran görüntüsü göndərdim. Ertəsi gün isə soyuducuların kibertəhlükəsizliyi ilə məşğul olan şirkətin reklamı qarşıma çıxdı. İlk baxışdan adamda yenə telefonun bizi dinlədiyi təəssüratı yaranır. Halbuki Facebook mənim hansı mövzulara uzun müddət baxdığımı, nələri axtardığımı və hansı materialların ekran görüntüsünü çəkdiyimi müxtəlif siqnallar əsasında müəyyən edə bilər. Bunun üçün mikrofonu işə salmağa və yazışmalarımı oxumağa ehtiyac yoxdur.

Bəs onda belə dəqiq reklamlar haradan yaranır?

Həmin məxfilik hesabatında tətbiqlərin hansı serverlərlə əlaqə saxladığını göstərən ayrıca bölmə də var. Məsələn, bir həftə ərzində Signal 10, Proton Mail isə 5 server ünvanına sorğu göndərib. Instagram-da bu rəqəm 382, Facebook-da isə 4000-dən çox olub.

Bu ünvanların böyük əksəriyyəti Meta-ya məxsusdur. Onların arasında “netseer-ipaddr-assoc” adlı çoxsaylı ünvanlar da var. Meta bu serverlərin konkret hansı məqsədlə istifadə olunduğunu açıq şəkildə izah etmir. Lakin adın özü də IP ünvanları ilə əlaqələndirilən məlumatların emalına işarə edir.

Facebook-un fəaliyyəti bununla da məhdudlaşmır. Tətbiq Pinterest, Snapchat, Google, Hotjar və Yandex kimi müxtəlif xidmətlərin izləmə mexanizmləri ilə də əlaqə yarada bilir.

Məsələn, Facebook-dakı bir keçidə klikləyərək saytı tətbiqin daxili brauzerində açdıqda, həmin səhifəyə Meta-nın izləmə kodları yerləşdirilə bilər. Bu isə istifadəçinin saytda hansı hərəkətləri etdiyini izləmək imkanı yaradır. Tədqiqatçı Feliks Krauze 2022-ci ildə bu mexanizmi araşdıraraq məsələni ictimaiyyətin diqqətinə çatdırmışdı.

Hotjar və Microsoft Clarity kimi alətlər isə sayt sahiblərinə ziyarətçilərin davranışlarını təhlil etmək imkanı verir. İstifadəçinin səhifədə nə qədər aşağı sürüşdüyü, hansı bölmələrə kliklədiyi, hərəkət sürəti və hətta formaların xanalarına nə yazmağa başladığı kimi məlumatlar qeydə alına bilər. Bu məlumatlar əsasında istifadəçilərin diqqətinin daha çox hansı hissələrə yönəldiyini göstərən istilik xəritələri (heatmap) hazırlanır.

Başqa sözlə, insanın maraqlarını anlamaq üçün onu dinləməyə heç də həmişə ehtiyac yoxdur. Onun internetdəki davranışlarını saniyə-saniyə izləmək kifayət edə bilər.

Meta və Yandex 2025-ci ildə daha bir mübahisəli araşdırmanın da mərkəzində olublar. Tədqiqatçılar Android sistemində brauzer vasitəsilə əldə edilən bəzi məlumatların, hətta inkognito rejimindən istifadə zamanı belə, bu şirkətlərin tətbiqlərinə ötürülə bildiyini üzə çıxarıblar. Araşdırma ictimailəşdikdən bir gün sonra Meta müvafiq mexanizmi dayandırıb. Yandex-in isə 2017-ci ildən tətbiq etdiyi oxşar mexanizmi davam etdirdiyi bildirilib.

Əslində, istifadəçini dinləmək həm texniki, həm də maliyyə baxımından kifayət qədər mürəkkəb və riskli prosesdir. Səs məlumatını toplamaq, ötürmək, təhlil etmək və saxlamaq lazımdır. Halbuki hədəfli reklam üçün şirkətlərin ixtiyarında onsuz da kifayət qədər məlumat var: məkan məlumatları, kontaktlar, kliklər, paylaşımlara sərf olunan vaxt, telefonun aktiv istifadə müddəti, ziyarət edilən saytlar və qoşululan Wi-Fi şəbəkələri.

Üstəlik, əlaqələr təkcə birbaşa məlumatlarla məhdudlaşmır. Dolayı məlumatlar da istifadəçinin profilini formalaşdırmağa kömək edir. Məsələn, WhatsApp Meta-ya məxsusdur. Şirkət mesajların məzmununu oxumadan da müəyyən texniki məlumatlar və istifadə aktivliyi haqqında məlumat əldə edə bilər. Telegram-da isə adi şəxsi çatlar bulud əsaslı sistemdə şifrələnir və şifrələmə açarları xidmətin server infrastrukturu ilə əlaqəlidir. Bu, WhatsApp və Telegram-ın təhlükəsizlik modellərinin fərqli olduğunu göstərir. Bununla belə, Telegram-ın gizli çatları başdan-başa şifrələmə (end-to-end encryption) prinsipi ilə işləyir.

WhatsApp-la bağlı daha bir maraqlı məqam var. Xüsusi təhlil üsulları vasitəsilə istifadəçinin nə vaxt onlayn olduğunu, nə vaxt telefondan istifadə etdiyini, hətta təxmini yuxu rejimini müəyyənləşdirmək mümkündür. Beləliklə, insanın gündəlik həyat ritmini əks etdirən “həyat fəaliyyəti profili” (pattern of life) yaratmaq olar. Bunun üçün mütləq Meta şirkətinin əməkdaşı olmaq da lazım deyil.

Bütün bunlardan çıxan nəticə sadədir: telefonlarımızın bizi dinləməsinə dair hər bir reklamı və ya təsadüfü dərhal sübut kimi qəbul etmək düzgün deyil. Müasir rəqəmsal platformalar bizim haqqımızda o qədər çox məlumat toplayır ki, bəzən sanki fikirlərimizi oxuyurlarmış kimi təsir bağışlayırlar.

Bunu öz telefonunuzda yoxlamaq istəyirsinizsə, iPhone-da aşağıdakı bölməyə daxil olun:

Settings → Privacy & Security → App Privacy Report.

Funksiyanı aktivləşdirin və bir neçə gün sonra hesabatı yoxlayın. Orada tətbiqlərin mikrofon, kamera, məkan və digər məlumatlara nə vaxt müraciət etdiyini, eləcə də hansı internet ünvanları ilə əlaqə saxladığını görə bilərsiniz.

Bəlkə də bizi narahat etməli olan əsas məsələ telefonun bizi dinləməsi deyil, özümüz haqqında nə qədər məlumatı fərqində olmadan rəqəmsal platformalara ötürməyimizdir.

Müəllif: Daniel Lemhart
Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*