Bu günlərdə “Azadlıq” radiosu Azərbaycandakı televiziya kanallarını Rusiya-Ukrayna müharibəsi ilə bağlı birtərəfli süjetlər hazırlamaqda ittiham edib. Bu haqda məlumat adıçəkilən media qurumunun hazırladığı süjetdə öz əksini tapıb.
Bəs görəsən, bu iddia həqiqətə uyğundurmu? Azərbaycanın televiziya məkanında yayılan məlumatlar həqiqətən də birtərəflidirmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını media eksperti Rəşad Nəsirov cavablandırıb.

Ekspert təəssüflə bildirib ki, Azərbaycan televiziya məkanında peşəkar kadr çatışmazlığı mövcuddur: “Bəzən müəyyən dairələrdən hansısa məlumatın bu və ya digər formada yayımlanması haqda tapşırıq gəlir. Amma müstəqil olaraq araşdırma aparmaq, fikir bildirmək bir qədər çətin məsələdir. Bu, xüsusilə Dövlət Televiziyasına aiddir. İndi hər hansı bir reportaj və ya ciddi araşdırma verilişi təqdim etmək olduqca çətindir. Əfsuslar olsun ki, teleməkanda peşəkar kadrlar azlıq təşkil edir. Kanallar hətta region üçün olduqca qlobal sayılan məsələlərdən belə şou yaratmaqla özlərinə tamaşaçı cəlb etmək istəyirlər. Elə ciddi mövzular var ki, ona səthi yanaşılır. Bu məsələdə həm reportajı hazırlayan müxbirin, həm də redaktorların səhvi var”.
Rəşad Nəsirov əlavə edib ki, bu yaxınlarda 20 yanvar hadisəsinin ildönümündə müxbir canlı yayımda faciəni beynəlxalq hüzn günü kimi təqdim etdi:
“Canlı efirə çıxan insan hazırlıqlı və məlumatlı olmalıdır. Respondent canlı efirdə öz fikrini bildirə və müxbiri başqa istiqamətə də yönəldə bilər. Lakin bu halda məsələnin məğzi kənarda qalır. Burada əsas məsələ peşəkarlıqdan gedir. AzTV-nin çox böyük potensialı, kifayət qədər peşəkar müxbir, redaktor, operator heyəti var. Məsələ burasındadır ki, bu heyətə normal işləmələri və peşəkar materiallar hazırlamaları üçün münbit şərait yaradılmalıdır”.
Ekspertin sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi haqda Azərbaycan televiziya məkanında əsasən Rus mənbələrinə istinad edilir:
“Biz əsasən rus mətbuatını izləyir, onların kanallarına baxırıq. Əsas bilgiləri Rusiyanın informasiya məkanından alırıq. Halbuki, o kanallarda düzgün məlumat verilmir. İnformasiyaların əksəriyyəti birtərəflidir. Ukraynalı vətəndaşlar da Azərbaycan kanallarına baxanda bunları görür. Bütün bunlar daha əvvəl də qeyd etdiyim ki, peşəkarlıqdan qaynaqlanan məsələlərdir. Azərbaycan televiziyasının peşəkar müxbirlərə ehtiyacı var. Efir məkanında məlumat neytral şəkildə verilməlidir. Rusiya KİV-lərindən material tərcümə edib efirə vermək düzgün deyil. Verilişlərə dəvət alan ekspertlər sadəcə öz mövqeyini bildirir. Əlbəttə, AzTV və ya digər kanalların təqdim etdiyi bu səthi materiallar Azərbaycanın rəsmi mövqeyi deyil. Biz də 30 ildən çoxdur ki, qonşu dövlətlərin KİV-lərində yayımlanan bu cür ədalətsiz yanaşmaların şahidiyik. Ona görə də, belə məsələlərdə çox həssas və diqqətli olmalıyıq. Bu kimi xoşagəlməz halların qarşısını almaq üçün materialı hazırlayan müxbir və onu redaktə edib efirə verən redaktor mövzunu dərindən bilməlidir. Bu kimi reportajların hazırlanmasına ictimai-siyasi verilişlərin redaktorları ilə yanaşı kanallarda fəaliyyət göstərən hərbi redaksiyanın ekspertləri də cəlb olunmalıdır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
