“Rusiya ərzaq daşıyan 94 gəminin Aralıq dənizinə çıxmasına mane olub”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.
Şerman qeyd edib ki, Rusiyanın mühasirəyə aldığı Mariupolda mülki əhali aclıqdan ölmək riski ilə üzləşib:
“Rusiya Ukraynadakı müharibəyə və onun qlobal ərzaq təhlükəsizliyinə təsirlərinə görə məsuliyyət daşıyır.5 həftə əvvəl dünyanı taxıl ixracı ilə təmin edən Mariupol sakinləri bu gün Prezident Putinin müharibəsi səbəbindən acından ölürlər”.
Xatırladaq ki, müharibəyə qədər dünya buğda ixracının 30 faizini, qarğıdalı ixracının 20 faizini və günəbaxan yağı ixracının 75 faizini Qara dəniz bölgəsi təmin edirdi.
BMT Təhlükəsizlik Şurası da Rusiyanı Ukraynaya qarşı müharibəsi ilə qlobal ərzaq böhranı yaratmaqda ittiham edilib.
Digər tərəfdən, Rusiya və Çin qlobal ərzaq bazarındakı qarışıqlığa Qərbin sanksiyalarının və iqtisadi embarqonun səbəb olduğunu bildirib.
BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli bəyan edib ki, Ukrayna dünyada taxıl ixracı ilə “çörək səbəti” ikən, indi “çörək növbəsində gözləməyə” düşüb.
İqbal Rzayev,
KONKRET.az
