“Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən Ukraynaya 2000-ə yaxın hərbi qulluqçusunu yerləşdirib”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Silahlı Qüvvələri Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb. 4-cü bazadan Ukraynaya 3 zirehli texnika, bir osetin və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib.
Baş Qərargah qeyd edib ki, Rusiyanın şəxsi heyətlə bağlı problemləri davam edir:
“Rusiyanın 47-ci tank divizyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar”.
Ukrayna Baş Qərargahı son sutkada Rusiyanın verdiyi itkiləri də açıqlayıb:
“Ötən gün müdafiə qüvvələrimiz Donetsk və Luqansk istiqamətində Rusiya işğalçılarının 4 hücumunu dəf edib. Rusiyaya məxsus 7 tank, 7 zirehli texnika, 2 texnika və bir tank əleyhinə silahı məhv edilib, düşmən canlı qüvvədə də itki verib”.
Vəsilə İbrahim,
KONKRET.az
