Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsinin missiyasını rusların törətdiyi qətliamı görmək üçün Buçaya dəvət edib.
KONKRET.az–ın məlumatına görə, nazir vurğulayıb ki, dəlillərdən beynəlxalq və xarici məhkəmələrdə bu vəhşilikləri törədənlərin məsuliyyətə cəlb edilməsi üçün istifadə olunacaq.
Kuleba bildirib ki, Ukrayna Xarici İşlər Nazirliyi artıq Beynəlxalq Cinayət Məhkəməsinə müvafiq sorğu göndərib.
“21-ci əsrdə bunu təsəvvür etmək mümkün deyil, amma bu, bizim gözümüzün qabağında baş verir. Rusiya İŞİD-dən də pisdir”, – deyə Kuleba vurğulayıb.
O, bildirib ki, “Buça qətliamı” qəsdən törədilib, ruslar mümkün qədər çox ukraynalını məhv etməyə çalışırlar.
Xatırladaq ki, aprelin 1-də Buça şəhəri rus qoşunlarəndan azad edilib. Geri çəkilən ruslar qəsəbə daxilində mülki tikililəri, infrastruktur obyektlərini və bəzi əraziləri minalayıblar.
Şəhərə baxış keçirən ukraynalı hərbçilər əlləri bağlı insanların cəsədləri ilə qarşılaşıblar. Mülki şəxslər kütləvi şəkildə rus ordusu tərəfindən qətliam edilib.
Günel Mikayıl,
KONKRET.az
