Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Rusiya-Ukrayna cəbhəsindəki son durumla bağlı xəbər yayıb.
KONKRET.az xəbər verir ki, nazirliyin məlumatına görə, Ukrayna ordusu Çerniqov vilayətinin cənubundakı Sloboda və Lukaşivka kəndlərini işğaldan azad edib. Ukrayna müdafiə qüvvələri şəhərlə Kiyev arasında əsas təchizat yollarından biri boyunca mövqe tutublar.
“Ukrayna həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumlar etməyə davam edir. Kiyev və Çerniqov isə Rusiyanın bu ərazilərdə fəaliyyətini azaltdığını iddia etməsinə baxmayaraq, davamlı hava və raket zərbələrinə məruz qalıb” – məlumatda bildirilir.
Xatırladaq ki, ötən günlərdə Rusiyanın qoşunlarının 20 faizini Kiyev və Çerniqovdan çıxardığına dair məlumatlar və görüntülər yayılıb. Lakin Pentaqon sözçüsü Con Kirbi Rusiyanın bu addımının səmimi olmadığını və qoşunlarını Belarusa doğru geri çəkdiyini, əsgərləri isə öz qarnizonlarına geri göndərmədiyini bildirib. NATO Baş katibi Yens Stoltenberq Rusiyanın geri çəkilməsini güclənmək üçün taktika adlandırıb və Donbasa hücuma hazırlaşdığını bildirib.
Vəsilə İbrahim,
KONKRET.az
