Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra Rusiya kütləvi informasiya vasitələrinin (KİV) hadisəni işıqlandırma forması diqqət çəkib. Məlum olub ki, Kremlin təbliğat maşını seçki nəticələrini təqdim etmək üçün xüsusi göstəriş alıb.
KONKRET.az xəbər verir ki, Rusiyanın müstəqil “Meduza” nəşri Rusiya Prezident Administrasiyasının (Kremlin) yerli mediaya payladığı gizli tezisləri və təlimatları (metodika) əldə edib.
Sözügedən sənədə əsasən, Rusiya mətbuatına və dövlət teleradio şirkətlərinə Ermənistandakı seçkilərlə bağlı iki əsas xətti qabartmaq əmr olunub:
Birincisi: Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasının 50%-dən az səs topladığı faktını xüsusi vurğulamaq və bu nəticəni birbaşa “Paşinyanın məğlubiyyəti” kimi adlandırmaq tələb edilib.
İkincisi: Seçki prosesi zamanı qeydə alınmış, yaxud iddia olunan qanun pozuntuları, saxtakarlıqlar və neqativ hallar barədə mümkün qədər çox və geniş materiallar hazırlamaq tapşırılıb.
“Meduza” qeyd edir ki, Rusiyanın federal telekanallarının süjetləri, eləcə də hakimiyyətə sadiq və loyallığı ilə seçilən mətbuat orqanlarının son nəşrləri bu gizli təlimatların artıq tam gücü ilə icra olunduğunu nümayiş etdirir. Rəsmi Moskva bu yolla Paşinyan hakimiyyətinin legitimliyini şübhə altına almağa və Ermənistan cəmiyyətindəki siyasi parçalanmanı dərinləşdirməyə çalışır.
Natiq Səlim,
KONKRET.az
