“Türkiyə yeganə dövlətdir ki, Rusiya-Ukrayna müharibəsinin həlli üçün ciddi cəhdlə çalışır. Qardaş ölkə bu məsələnin həllində səmimi mövqe ortaya qoyur. Əgər Rusiya həqiqətən Odessanı, Xersonu işğal edərsə, Türkiyə Qara dənizdə Rusiya ilə üzbəüz qalacaq. Bu isə NATO ilə Rusiyanın üzbəüz qalması deməkdir”.
Bu sözləri KONKRET.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
O bildirib ki, görüşün nəticələri müharibənin yekunlaşmasında mühüm rol oynaya bilər:
“Tərəflərin nümayəndə heyəti arasında daha öncə müxtəlif şəhərlərdə görüşlər keçirilib. İstanbul görüşü isə formatına görə əvvəlkilərdən fərqlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul görüşünün münaqişənin həllində mühüm rol oynayacağını əvvəlcədən açıqlamışdı. Rusiya və Ukraynanın, o cümlədən, beynəlxalq ictimaiyyətin Türkiyəyə etimadı böyükdür. Rusiya nümayəndə heyətinin tərkibinə baxsaq, görərik ki, bu görüşdə Rusiyanın xarici işlər nazirinin müavini və Rusiya Dumasının beynəlxalq məsələr üzrə Komitəsinin sədri Leonid Slutski də görüşdə iştirak edir. Slutski Azərbaycanla münasibətləri çox yaxşıdır. Vətən müharibəsində o Azərbaycanın yanında oldu. Həmçinin, Rusiya tərəfinin iştirakçılarından biri də Roman Abramoviçdir. O da münaqişənin həllində pozitiv təkliflər verir. Yəni İstanbul formatında keçirilən görüşlər müharibənin başa çatmasında mühüm rol oynaya bilər”.

Politoloqun fikrincə, Türkiyə münqaişənin həllində səmimi mövqe ortaya qoyur:
“Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı ilə danışıqlara hazır olduğunu dəfələrlə bildirib. Putin isə bu təkliflərini cavabsız qoyub. Hazırda Ukraynada döyüşlər davam edir. Rus qoşunları Odessa şəhərini işğal etmək istəyir. Mariupol şəhəri tamamilə dağıdılıb, Xersonda isə aktiv döyüşlər gedir. Rusiya Ukraynanın Qara dənizə çıxışını kəsməklə orada olan uran, dəmir və filiz yataqlarına sahib olmaq istəyir. 2014-cü ildə Rusiya Ukraynanın Azov dənizinə olan çıxışını bağladı. İndi isə Rusiya Ukraynanın Qara dənizə olan çıxışını bağlamaq niyyətindədir. ABŞ Çindən məsələyə müdaxilə etməsini xahiş edib. Lakin Çin NATO – nun üzvü deyil. Çin, ümumiyyətlə, bu iki dövlət arasında münasibətlərin normallaşmasında maraqlı tərəf deyil. Çünki İrana tətbiq edilən sanksiyalardan sonra Çin İranla müqavilə imzaladı. Müqaviləyə əsasən, Çin İran neftini ucuz qiymətə alır. Həmin məsələni indi Çin Rusiyanın da başına hörmək istəyir. Yəni məsələyə ümumi baxsaq, görərik ki, Türkiyə yeganə dövlətdir ki, Rusiya-Ukrayna müharibəsinin həlli üçün ciddi cəhdlə çalışır. Qardaş ölkə bu məsələnin həllində səmimi mövqe ortaya qoyur. Əgər Rusiya həqiqətən Odessanı, Xersonu işğal edərsə, Türkiyə Qara dənizdə Rusiya ilə üzbəüz qalacaq. Bu isə NATO ilə Rusiyanın üzbəüz qalması deməkdir. Ona görə də, Türkiyə müharibənin başa çatması üçün əlindən gələni edir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
