“Kreml avropalıları nüvə müharibəsi ilə qorxudaraq Rusiyaya tabe etməyi düşünür”.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı sosioloq İqor Eydman Facebook-da yazıb. O, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyevin RF-nin məqsədi ilə bağlı sözlərini şərh edib.
“Rus işğalçılar ciddi şəkildə Avropanı ələ keçirməyi planlaşdırır, onlar indi Ukraynada təlim keçirlər”, – deyə ekspert fikirlərini bölüşüb.
Daha sonra sosioloq yazıb:
“Sizin yanınııza gəlirlər.
Putinin köməkçisi Medvedev deyib ki, onlar “nəhayət, Lissabondan Vladivostoka qədər açıq Avrasiya qurmaq fürsəti” uğrunda mübarizə aparırlar.
Bu, zarafat deyil, onlar ciddi şəkildə Avropanı ələ keçirməyi planlaşdırırlar. Kremldə əsl kütləvi çılğınlıq hökm sürür. Onlar düşünürlər ki, avropalılar nüvə müharibəsi qorxusundan onlara boyun əyəcək və ABŞ belə bir təhlükə altında Avropanı müdafiə etməyəcək”.
Eydman hesab edir ki, Rusiya Federasiyasının hakimiyyət orqanları Avropanı yolunu azmış, zəif görür və burada böyük “Buça” təşkil etməyə hazırlaşır.
“Onlar ərköyün, azğın, zəif “Geyropa” obrazını yaradıblar, özləri də buna inanırlar. İndi onlar Lissabon da daxil olmaqla, Avropada böyük Buça təşkil etmək üçün Ukraynada təlim keçirlər.
Avropalılar, ümid edirəm ki, siz artıq başa düşmüsünüz ki, hər hansı vasitə ilə Ukraynadakı manyakları dayandırmaq lazımdır, əks halda onlar sizə gələcəklər”, – deyə Eydman xəbərdarlıq edib.

Xuraman Etibarlı,
KONKRET.az
