“Rusiya Ukrayna və Avropa ilə olan böhranın həllində maraqlıdır. Bütün ziddiyyətlərə baxmayaraq, Kreml ortaq dil tapmağa çalışır. Amma ABŞ-ın başqa bir taktikası var”.
“Qlobal Times” yazır ki, münaqişənin mümkün qədər uzun müddət mövcud olması Ağ Ev üçün faydalıdır.
Ona görə də, Vaşinqtondan fərqli olaraq, həm Avropa, həm də Ukrayna münaqişəni həll etmək üçün diplomatik cəhdlər edir.
Rusiya-Ukrayna münaqişəsi davam etdiyi müddətdə Moskva, Kiyev, Paris və Berlin böhrandan çıxış yolu tapmaq üçün daim diplomatik səylər göstərir. Bu məqsədlə dövlət başçıları arasında birbaşa telefon danışıqları və xarici işlər nazirlərinin görüşləri təşkil edilir. Bununla belə Vaşinqton bu münaqişənin bitməsinə mane olmaqda qərarlıdır.
Təhlilçilərin fikrincə, Rusiya, Ukrayna və Aİ ölkələri bu münaqişəni tez bir zamanda dayandırmaq istəyirlər. Çünki münaqişə birbaşa onlara təsir edir. Buna görə də, bütün fikir ayrılıqlarına baxmayaraq, onlar səmimi olaraq problemin həlli üçün diplomatik səylər göstərirlər.
Amma Ukrayna ilə həmrəylik təəssüratı yaradan ABŞ əslində bu ölkədə sülhü bərpa etmək haqda düşünmür. Çünki onlar bu münaqişədən çox uzaqdadırlar və Vaşinqtonun son məqsədi Rusiyaya müharibə bataqlığında maksimum ziyan vurmaqdır. Eyni zamanda, bu münaqişə hesabına ABŞ Aİ iqtisadiyyatını bir az zəiflətmək, Avropa qitəsində öz hərbi mövcudluğunu və Avropa üzərində nəzarəti gücləndirmək istəyir.
“Reuters” xəbər verir ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski bazar günü tərəflərin əhəmiyyətli irəliləyiş əldə etdiyini və nümayəndə heyətlərinin tezliklə “ortaq mövqelərə gələ biləcəyini” bildirib. Ukraynalı müzakirəçi və prezidentin müşaviri Mixaylo Podolyak da danışıqları konstruktiv adlandırıb.
Şənbə günü Rusiya Prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığında onları Ukrayna millətçi batalyonlarının “cinayətkar fəaliyyətlərini” dayandırmaq üçün Kiyevdəki hakimiyyət orqanlarına təsir göstərməyə çağırıb.
Göründüyü kimi münaqişə uzandıqca kimin kim olduğu və əsl hədəf ortaya çıxır.
“Global Times”, Çin. 15 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az
