Uzun zamandan sonra Ukrayna lideri Volodimir Zelenski ilk dəfə sülhdən danışdı. O, hətta müharibənin 2025-ci ilə qədər yekunlaşacağını da açıqladı. Zelenski hətta 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək üçün qətiyyətli addımların atılmasının mümkünlüyünü diqqətə çatdırır. Bəs görəsən, Ukrayna liderinin səsləndirdiyi fikirlər real ola bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, Ukraynanın dövlət başçısının belə bir açıqlama verməsi təsadüfi deyil:
“Bütün hallarda Ukraynanın ehtiyatları tükənib. İndiyədək Ukraynanın Rusiyaya qarşı müqavimət göstərməsini qəhrəmanlıq nümunəsi adlandırmaq olar. Doğrudur, Kiyev bunu təkbaşına etmir. Onun arxasında Qərb dövlətləri və ABŞ dayanır. Amma bütün hallarda Ukrayna 2025-ci ilə qədər müharibəni apara bilibsə, o zaman bunu kifayət qədər ciddi məsələ saya bilərik. Bundan sonra Ukraynanın eyni templə Rusiyaya qarşı savaş aparması çox çətindir. Üstəlik, resursları Ukrayna ilə müqayisədə qat-qat çox olsa da, Rusiyanın özündə də müəyyən problemlər var. Hər halda görünən odur ki, pərdəarxası müəyyən gizli danışıqlar gedir. Odur ki, razılaşmalar əsasında həm Rusiya, həm də Ukrayna güzəştlərə gedəcək. Bunun əsasında isə sülh müqaviləsi bağlanacaq”.
Politoloqun sözlərinə görə, Ukrayna bu müharibədən məğlub çıxmadığını göstərmək istəyir:
“Görünən odur ki, bu istiqamətdə gizli tərəflərin vasitəçiliyi ilə pərdəarxası danışıqlar aparılır. Ona görə də, Zelenski bu cür açıqlamalar verir. Əslində hər iki tərəf üçün doğru olan məhz sülh müqaviləsini imzalamaqdır. Çünki sülh imzalanmasa, təkcə Ukrayna yox, həm də Rusiya itirəcək. Çünki xalqların bir-birinə qarşı nifrəti getdikcə daha da alovlanacaq. Bunun qarşısını almağın yeganə yolu isə sülh imzalamaqdır”.
Müşviq Tofiqoğlu
KONKRET.az