Rusiya ilə Ukrayna arasında gedən müharibə bu ölkələrlə yanaşı digər dövlətlərə də ciddi ziyan vurub. Təbii ki, müharibənin az da olsa Azərbaycana təsirlərini də görmək mümkündür. Amma ölkəmiz üçün ən böyük problem Rusiya və Ukraynada yaşayan vətəndaşlarımızın Azərbaycana axını baş verəcəyi təqdirdə yaşana bilər. Bəs görəsən müharibə gedən ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlılar ölkəyə qayıtsa nə baş verər?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Rusiya və Ukrayna arasındakı müharibə dünya iqtisadiyyatına öz təsirini göstərir: “Münaqişənin ən böyük və acınacaqlı təsiri məhz Rusiyanın özünə olacaq. Daha sonra bu təsirin Ukraynaya və digər üçüncü dərəcəli ölkələrə aid olacağı gözlənilir. Üçüncü kateqoriya ölkələr sırasında Rusiya və Ukrayna ilə ticarət əlaqələri daha üstün olanlar yer alıb. Azərbaycanın isə bu ölkələrlə iqtisadi-ticarət əlaqələri yüksək səviyyədədir. Eyni zamanda Rusiya və Ukraynada xeyli sayda Azərbaycan vətəndaşı müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu da onların münaqişə çərçivəsində ciddi problemlə üzləşməsinə gətirib çıxarıb”.

İqtisadçı əlavə edib ki, Rusiya və Ukraynada yaşayan vətəndaşlarımızın Azərbaycana qayıtması təbii ki, yaxşı hal deyil: “Çünki burada müəyyən risk faktorları mövcuddur. Belə ki, ölkədə işsiz əhali kütləsinin sayının artmasına səbəb ola bilər. Amma bu insanların müəyyən biznes bacarıqlarına malik olduqlarını nəzərə alsaq, onların öz işlərini Azərbaycana daşımaları üçün şərait yaradılmalıdır. Eyni zamnda oradakı vətəndaşlarımız ölkəyə təbii olaraq müəyyən vəsaitlə gəlmiş olacaqlar. Bu da həmin şəxslərin Azərbaycanda iş qurmasına imkan yarada bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Vətəndaşın öz ölkəsinə qayıtmasınə istəməyən dünyada bir ölkə höküməti var o da Azərbaycandır.