“Avropa ölkələrinin Kalininqradı mühasirəyə alması avantüra və odla oynamaqdır”.
KONKRET.az xəbər verir ki, bu barədə aprelin 6-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko danışıb. O, Kalininqradın Avropa tərəfindən mümkün blokadasına münasibət bildirib.
Rusiya ümid edir ki, Avropa odla oynamayacaq və Kalininqrad vilayətini blokadaya almayacaq.
“Mən həqiqətən ümid edirəm ki, Avropada sağlam düşüncə Kalininqrad ətrafında hər hansı oyunun keçirilməsinə imkan verməyəcək. Düşünürəm ki, çoxları bunun odla oynamaq olduğunu başa düşür”, – deyə Qruşko bildirib.
Media xəbər verir ki, aprelin 4-də Litva hakimiyyəti Kalininqrad vilayəti ilə sərhədinin bağlanmasına icazə verib.
Bundan əvvəl, martın 25-də Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak deyib ki, Polşa 1945-ci ildən Rusiya tərəfindən işğal edilmiş Kalininqrad vilayətinə mənsubiyyət məsələsini qaldırmalıdır.
Bu açıqlamaya cavab olaraq Kalininqrad vilayətinin qubernatorunun mətbuat katibi Dmitri Lıskov bildirib ki, Skşipçak tarixi öyrənməlidir. Onun sözlərinə görə, Kalininqradın Polşaya qaytarılması çox qəribə məsələdir.
Müasir Kalininqrad vilayəti keçmiş Almaniyanın Şərqi Prussiya vilayətinin ərazisində yerləşir. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Potsdam Konfransının qərarı ilə Şərqi Prussiyanın təxminən üçdə biri SSRİ-yə, qalan ərazilər isə Polşaya verilib.
Xuraman Etibarlı,
KONKRET.az
