Rusiyada yeni neft emalı zavodlarına endirilən zərbələrdən sonra yanacaq böhranı daha da dərinləşib. Hazırda ölkənin ən azı 16 bölgəsində yanacaqdoldurma məntəqələrində məhdudiyyətlər tətbiq olunur, bəzi məntəqələr isə fəaliyyətini dayandırıb.
KONKRET.az xəbər verir ki, Krasnoyarsk diyarının bir rayonunda 47 yanacaqdoldurma məntəqəsindən 13-ü işləmir. Sterlitamakda isə 26 məntəqədən 7-si bağlanıb. Başqırdıstanda benzinin kanistrlərə doldurularaq satışı məhdudlaşdırılıb. Soçidə isə yanacaq təxminən yanacaqdoldurma məntəqələrinin üçdə ikisində mövcuddur.
Lipetsk vilayətinin qubernatoru yaxın 1-2 həftə ərzində vəziyyətin ciddi şəkildə yaxşılaşmasının gözlənilmədiyini bildirib və sakinləri zərurət olmadıqda avtomobillərinin çənlərini tam doldurmamağa çağırıb.
Böhranın əsas səbəblərindən biri Rusiya neft emalı infrastrukturuna son dövrdə həyata keçirilən hücumların istehsal və yanacaq təchizatına təsir göstərməsidir. Avqustun 11-də Ukrayna hərbçiləri Orenburq vilayətindəki Orsk neft emalı zavodunun vurulduğunu da açıqlayıb.
Natiq Səlim,
KONKRET.az
