Rusiyanın iki regionunda benzin satışına məhdudiyyətlər qaytarıldıbackend

Rusiyanın iki regionunda benzin satışına məhdudiyyətlər qaytarıldı

Rusiya Federasiyasının iki regionunda Ukrayna Silahlı Qüvvələrinin neft emalı zavodlarına (NEZ) hücumlarının intensivləşməsi fonunda benzin satışına məhdudiyyətlər yenidən tətbiq edilib.

KONKRET.az xəbər verir ki, Moskva vilayəti ilə həmsərhəd Kaluqa vilayətində məhdudiyyətlər sentyabrın 23-dən qüvvəyə minir. Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.

Yeni qaydalara əsasən, avtomobillər qeydiyyat nişanının ilk rəqəmindən asılı olaraq cüt və ya tək günlərdə yanacaqla təmin ediləcək. Bundan başqa, benzin yalnız avtomobilin çəninə doldurula biləcək.

Kaluqa vilayətində analoji “cüt-tək” rejimi avqustun 15-də də tətbiq edilmiş, sentyabrın 1-də isə ləğv olunmuşdu.

Zabaykal diyarının operativ qərargahı da sentyabrın 23-dən etibarən “BRK” və “Kors” yanacaqdoldurma məntəqələri şəbəkələrində bir avtomobilə satılan yanacağın həcminə limit qoyulduğunu açıqlayıb. Belə ki, bir avtomobil üçün Aİ-92 və Aİ-95 markalı benzinin satışı 15 litrlə məhdudlaşdırılıb.

Diyar hökuməti sədrinin birinci müavini Buyanto Batomunkuyev bildirib ki, yanacaqdoldurma məntəqələri və neft bazalarındakı ümumi yanacaq ehtiyatı 17 min ton təşkil edir. Onun sözlərinə görə, mövcud satış rejimi davam edərsə, bu ehtiyat cəmi 20 günə kifayət edəcək.

Bu regionda da oxşar məhdudiyyətlər iyun ayında tətbiq edilmiş, iyulun 23-də aradan qaldırılmışdı.

Qeyd edək ki, sentyabrın ortalarına doğru Rusiyada benzin qıtlığı daha da dərinləşib. Məlumata əsasən, ölkədə demək olar ki, hər iki yanacaqdoldurma məntəqəsindən birində yanacaq olmayıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*