İctimai Rəy Fondunun sosioloqları rusiyalıların sanksiyalara olan münasibətini öyrəniblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən rusların 32 faizi sanksiyaların gözlədiklərindən daha sərt olduğu qənaətindədirlər. 31 faiz insan məhdudiyyətləri gözlədiklərini bildirsələr də, rusların 19 faizi yeni sanksiyaların tətbiq ediləcəyini heç düşünməyib.
Sorğunun nəticələrinə görə, rusların 32 faizi sanksiyaların onların maliyyə vəziyyətinə ciddi təsir etməyəcəyinə inanır. 28 faiz isə ümumiyyətlə onlara təsir göstərməyəcəyini hesab edir. Rusiyalıların 25 faizi isə ciddi sanksiyaların onların həyatına təsir göstərəcəyini gözləyir.
Rusiya əhalisinin 37 faizi hesab edir ki, onlar üçün ən ciddi sanksiyalar yüksək texnologiyalı avadanlıq və elektronikanın tədarükünə qoyulan məhdudiyyətlərdir. 27 faiz insan isə Rusiyanın ən böyük banklarına qarşı tətbiq edilən sanksiyaları ciddi məhdudiyyət sayır. Mərkəzi Bankın qızıl və valyuta ehtiyatlarının sının dondurulmasına isə 26 faiz insan səs verib. Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağabı əhalinin 25 faizi ciddi hesab edir. 21 faiz rusiyalı isə ölkə aviaşirkətlərinin təyyarələrinin lizinqinə və texniki xidmətinə qadağanı ciddi məhdudiyyət kimi qəbul edir. Xarici brend və şirkətlərin Rusiya bazarından çıxarılması əhalinin 20 faizini, Rusiyanın SWIFT-dən ayrılması isə insanların 19 faizini narahat edir.
Respondentlərin 38 faizi Rusiya ilə Qərb arasında iqtisadi, mədəni və idman əlaqələrinin yaxın 3 ildə bərpa olunacağına inanır, 33 faiz bunun bir az daha çox vaxt aparacağını düşünür. Eyni zamanda, rusların 74 faizi belə əlaqələri bərpa etmək istəyini gizlətmir.
Rusların 69 faizi bu gün ölkədə işlərin düzgün istiqamətdə getdiyinə inanır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
