Kiçik və orta sahibkarlıq ölkə iqtisadiyyatının əsas dayaqlarından biri hesab olunur. Yeni iş yerlərinin yaradılması, rəqabət mühitinin formalaşdırılması və regionlarda iqtisadi aktivliyin artırılması baxımından KOB-ların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Lakin sahibkarların üzləşdiyi bürokratik əngəllər, əsassız yoxlamalar, müxtəlif dövlət qurumlarının səlahiyyət həddini aşması və biznes fəaliyyətinə qanunsuz müdaxilə halları bu sahənin inkişafına mənfi təsir göstərə bilər.
Bəs kiçik və orta sahibkarlara qanunsuz müdaxilələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır və bu sahədə əsas problemlər nədən ibarətdir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması üçün ilk növbədə idarəetmədə şəffaflıq və məsuliyyət mexanizmləri gücləndirilməlidir.

Onun sözlərinə görə, sahibkarın hansı qurum tərəfindən, hansı əsaslarla və hansı müddət ərzində yoxlanıla biləcəyi dəqiq müəyyənləşdirilməli, dövlət qurumlarının səlahiyyətləri aydın şəkildə sərhədləndirilməlidir.
Ekspert qeyd edib ki, sahibkarın fəaliyyətinə qanunsuz müdaxilə yalnız bir biznes subyektinin problemi deyil, bütövlükdə biznes mühitinə təsir edən məsələdir.
“Kiçik və orta sahibkarlıq subyektləri üçün əsas məsələ biznes mühitində proqnozlaşdırıla bilənliyin təmin edilməsidir. Sahibkar bilməlidir ki, hansı tələblərə əməl etməlidir, hansı hallarda yoxlama keçirilə bilər və hər hansı dövlət qurumunun qərarından necə şikayət edə bilər”, – deyə Asif İbrahimov bildirib.
Onun fikrincə, bu sahədə problemlərin həlli üçün rəqəmsal nəzarət və elektron müraciət mexanizmlərinin genişləndirilməsi də mühüm addımlardan biri ola bilər. Dövlət qurumları ilə sahibkar arasında birbaşa təmasların mümkün qədər azaldılması subyektiv yanaşmaların və sui-istifadə hallarının qarşısının alınmasına imkan verə bilər.
“Qanunsuz müdaxilələrin qarşısının alınması üçün yalnız sahibkara müraciət imkanlarının yaradılması kifayət deyil. Pozuntuya yol verən vəzifəli şəxslərin məsuliyyətinin artırılması, yoxlamaların əsaslandırılmış və şəffaf aparılması, sahibkarların şikayətlərinə operativ baxılması və qəbul edilən qərarların elektron şəkildə izlənməsi də vacibdir”, – deyə ekspert vurğulayıb.
Beləliklə, kiçik və orta biznesin inkişafı üçün əsas şərtlərdən biri sahibkarın dövlət qurumları qarşısında özünü hüquqi baxımdan qorunan və təhlükəsiz hiss etməsidir. Şəffaf idarəetmə, aydın qaydalar və effektiv şikayət mexanizmləri formalaşdırılmadan biznes mühitində tam etimadın yaradılması isə çətin görünür.
Aynurə İsmayıl
KONKRET.az
