“İşdən çıxarılanlara yeni dəstək: Müavinətlər artırıla bilərmi?”backend

“İşdən çıxarılanlara yeni dəstək: Müavinətlər artırıla bilərmi?”

Azərbaycanda işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, işsizlikdən sığorta ödənişlərinin artırılması və müavinətlərin alınması prosedurunun sadələşdirilməsi ilə bağlı yeni mexanizmlərə ehtiyac olduğu bildirilir.

Bəs bu istiqamətdə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, yeni qanun layihəsi hazırlanmazdan əvvəl ilk növbədə mövcud sistemdə şəffaflıq təmin edilməlidir.

Təqaüd alanlara VACİB XƏBƏR: Bu halda pensiya kapitalını birdəfəlik ala  biləcəksiniz | KONKRET

Onun sözlərinə görə, işsiz statusunun müəyyənləşdirilməsi zamanı vətəndaşın həqiqətən işsiz olub-olmaması, eləcə də bəzi işəgötürənlərin əməkdaşları qeyri-rəsmi çalışdıraraq onları formal olaraq işsiz kimi göstərməsi kimi hallar araşdırılmalıdır.

“Yeni qanun layihəsi qəbul edilməzdən əvvəl bu sistemdə şəffaflıq qorunmalıdır. Müəyyən şəxslərin həqiqətən işsiz olub-olmaması, sahibkarın işçini sosial ödənişləri və icbari sığorta haqlarını ödəməmək üçün qeyri-rəsmi çalışdıraraq işsiz kimi göstərməsi kimi hallar araşdırılmalıdır. Bu kimi halların qarşısı alınmalıdır. Çünki belə şəxslərin sayı kifayət qədərdir və getdikcə artır. Nəticədə həmin insanların gələcəkdə pensiya təminatı ilə bağlı problemləri yarana bilər”, – deyə ekspert bildirib.

G.Hüseynova hesab edir ki, işsizliklə bağlı yeni mexanizmlər tətbiq edilməzdən əvvəl əmək münasibətlərinin rəsmiləşdirilməsi və işsiz statusunun müəyyənləşdirilməsi prosesi tam şəffaflaşdırılmalıdır.

Ekspert müavinətlərin məbləğinin artırılmasının da vacib olduğunu vurğulayıb.

“İkinci məsələ müavinətlərin artırılması ilə bağlıdır. Təəssüf ki, hazırda həmin müavinətlər kifayət qədər deyil. Müavinət elə səviyyədə olmalıdır ki, işsiz qalan şəxs ən azı bir ay ərzində əsas ehtiyaclarını qarşılaya bilsin. Eyni zamanda, onun verilməsi proseduru sadələşdirilməlidir”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, işsizlik müavinətlərinin təyin olunması zamanı insan amili mümkün qədər azaldılmalı, proses elektron və avtomatlaşdırılmış sistem üzərindən həyata keçirilməlidir.

“Ümumiyyətlə, bu sahədə insan amili aradan qaldırılmalıdır. Sistem tam elektronlaşdırılmalı və stabil işləməlidir. Həm şəffaflıq təmin olunmalı, həm də vətəndaş müavinət almaq üçün müxtəlif sənədlərin arxasınca düşməməlidir”, – deyə G.Hüseynova vurğulayıb.

O, Məşğulluq idarələrinin səlahiyyətlərinin artırılmasının mümkün olduğunu, lakin bunun yalnız şəffaf və sistemli mexanizm qurulduğu halda effektiv nəticə verəcəyini bildirib.

“Vətəndaş öz hüququnu sübut etmək üçün sənəd toplamalı deyil. İşəgötürən işçini təhdid etməməlidir. İşçi işdən çıxarılırsa, bu, qanunvericiliyə uyğun əsasla rəsmiləşdirilməlidir. Son əməkhaqqı və digər hesablaşmalar vaxtında işçinin bank hesabına köçürülməlidir”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, işəgötürən tərəfindən son hesablaşmanın həyata keçirilməməsi və ya əmək hüquqlarının pozulması hallarında Məşğulluq idarələri və aidiyyəti dövlət qurumları operativ şəkildə müdaxilə etməlidir.

“Bu gün elə işsiz insanlar var ki, işəgötürən tərəfindən müxtəlif təhdidlərlə üzləşirlər. İşəgötürən deyir ki, səni müəyyən maddə ilə işdən çıxaracağam, bundan sonra heç yerdə işləyə bilməyəcəksən. Bəzən son əməkhaqqı da verilmir. İşçi isə öz hüquqlarını bilmir. Buna görə də işçilərin maarifləndirilməsi istiqamətində tədbirlər keçirilməlidir”, – deyə G.Hüseynova əlavə edib.

Ekspert hesab edir ki, əmək müqaviləsinə xitam verildikdən sonra işçiyə çatacaq vəsaitin müəyyən müddət ərzində, məsələn, 10 iş günü ərzində bank hesabına köçürülməsi qanunvericilikdə daha aydın şəkildə tənzimlənə bilər.

G.Hüseynovanın fikrincə, bütün bu məsələlər yeni qanun layihəsində kompleks şəkildə nəzərə alınmalıdır.

“Əvvəlcə şəffaflığı təmin etməliyik. Eyni zamanda işçinin hüquqlarının qorunması məsələsini həll etməliyik. İşçi işdən çıxarıldıqda onun hansı hüquqları var? Ona verilən müavinət bir aylıq xərclərini qarşılaya biləcəkmi? Bu suallara cavab tapılmalıdır. Daha sonra qanunvericilikdə olan boşluqlar müəyyənləşdirilərək yeni qanun layihəsi və ya dəyişikliklər hazırlanmalıdır”, – deyə ekspert vurğulayıb.

Ekspertin təkliflərinə əsasən, işsizlərlə bağlı yeni mexanizmdə müavinətlərin artırılması, müraciət prosedurunun sadələşdirilməsi, prosesin tam elektronlaşdırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işəgötürənlərin məsuliyyətinin artırılması və işçilərin əmək hüquqları barədə maarifləndirilməsi əsas istiqamətlərdən ola bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*