Bu festivalın qədim üzümçülük rayonu olan Şamaxıda keçirilməsinin rəmzi mənası var. Ötən əsrin 70-80-ci illərində Şamaxıda 27 min hektar üzüm bağı olub və hər il 240 min tondan çox məhsul istehsal edilib. Son illər rayonda yenidən bu sahənin inkişafı üçün böyük tədbirlərə start verilib. Hazırda rayonda 1700 hektar üzüm bağı var. Şamaxıda üzümçülüyün inkişafı üçün son illər böyük işlər görülür, yerli əhalinin və sahibkarların bu sahəyə marağı artıb. Şamaxının Meysəri və Mədrəsə kəndlərində yetişdirilən yerli sort üzümlər həmişə Azərbaycanda məşhur olub, xarici ölkələrə ixrac edilib. Daha sonra turistlər Azərbaycanın bölgələrində fəaliyyət göstərən üzüm emalı və şərab istehsalı zavodlarının nümayiş etdirdiyi müxtəlif çeşidli üzümlər və onlardan hazırlanan şərablarla tanış olublar: İki gün davam edəcək festival çərçivəsində proqrama uyğun olaraq üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər keçirilir.
