Sasunyanın məqaləsi: “Erməni xalqı nə vaxt yuxudan oyanacaq?backend

Sasunyanın məqaləsi: “Erməni xalqı nə vaxt yuxudan oyanacaq?

“Baş nazir Nikol Paşinyanın öz səriştəsizliyi ucbatından Ermənistana Qarabağ itkisindən əlavə hansı fəlakətlər gətirdiyini hamımız bilirik”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Kaliforniya kuryeri”ndə dərc olunan məqalədə Arut Sasunyan vurğulayıb.

O, fikirlərini belə davam etdirib:

“Paşinyanın çoxlu yanlış hərəkətlərini və ziddiyyətli bəyanatlarını misal çəkmək olar. 2020-ci il müharibəsi zamanı baş komandan kimi tam uğursuzluğa düçar olan Paşinyan indi “Artsax”ın adını xalqın yaddaşından silməklə ermənilərə Qarabağ itkisini unutdurmağa çalışır.

Paşinyan Qarabağ ermənilərinin min illik vətənlərində dinc yaşamaq hüququnu qorumaq üçün heç bir addım atmadı. O, həmçinin 2020-ci il müharibəsindən sonra Qarabağ ermənilərinin Ermənistana qaçacağını bilsə də, 100 mindən çox “qaçqını” yerləşdirmək üçün heç bir hazırlıq görməyib.

Qarabağ ermənilərinin gələcək seçkilərdə onun partiyasına səs verməyəcəyini bilən Paşinyan vəziyyəti gərginləşdirməmək üçün onların Ermənistan vətəndaşı olmadıqlarını bəyan etdi. Onilliklər ərzində bu şəxslərin Ermənistan Respublikasının pasportları olub və onlar bu pasportlarla xaricə səfər ediblər. Təəssüf ki, minlərlə erməni sığınacaq və ailələrini dolandırmaq üçün Ermənistanı tərk edərək Rusiyaya gedib.

Bundan əlavə, Paşinyan hər hansı “Artsax” rəsmisi ilə görüşməkdən imtina edir.

Ötən həftə Samvel Şahramanyan Fransanın “Le Figaro” qəzetinə müsahibə verib və orada bəyan edib ki, “Artsax Respublikası” mövcud olmaqda davam edir. O, həmçinin bəyan edib ki, mühacirətdə olan “Artsax” hökuməti İrəvanda yerləşir və orada ofisləri yerləşir.

Şahramanyanın sözləri Paşinyanı qəzəbləndirib və o, dərhal cavab verib ki, qondarma “Artsax hökuməti” haqqında danışan hər kəsə qarşı hüquqi tədbir görüləcək. Paşinyan heç bir arqument olmadan erməni liderlərini Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. “Mühacirətdəki hökumət” ifadəsinin mənasını anlamayan Paşinyan bildirib ki, Ermənistanda yalnız bir hökumət ola bilər. Paşinyanın hansısa təcrübəli müşaviri olsaydı, ona deyərdi ki, bir çox ölkələrdə beynəlxalq hüquqa görə hər yerdə qəbul edilən onlarla “mühacir hökuməti” var.

Əslində Ermənistanda Ermənistanın təhlükəsizliyini təhdid edən yeganə şəxs Paşinyanın özüdür. O, həm də 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini keçməsinə icazə verdi. Bundan başqa, Əliyev Ermənistandan 4 erməni kəndini Azərbaycana verməyi tələb edəndə Paşinyan bu kəndlərin sakinlərinə xəbərdarlıq edib ki, əks halda Azərbaycan yeni müharibəyə başlayacaq.

Ermənistanın baş naziri şüurlu və ya şüursuz olaraq Əliyevin göstərişlərini canla-başla yerinə yetirir.

Paşinyan hər gün anti-erməni əməllərini gücləndirir. Ermənilər nə vaxta qədər Ermənistanda və diasporda bu cür özünü məhvedici hərəkətlər qarşısında susacaqlar? Erməni xalqı nə vaxt yuxusundan oyanacaq, “bəsdir” deyəcək və ölkəni bu bataqlıqdan çıxaracaq yeni bacarıqlı lider tapacaq? Ermənilər bir adamın vəhşiliyi ucbatından Ermənistanın yavaş-yavaş yoxa çıxmasına göz yumub, seyr etməkdə davam etməməlidir…”.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*