Şəhriyar buna nə deyəcək? – Həmkarı ona Polqar bacılarını xatırlatdı: “Zəifdirlər?”backend

Şəhriyar buna nə deyəcək? - Həmkarı ona Polqar bacılarını xatırlatdı: “Zəifdirlər?"

Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun qadınlarla bağlı açıqlaması sosial şəbəkələrin və medianın əsas mövzusuna çevrilib.

Onun “qadınlar kişilərdən çox zəifdirlər. Dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil” fikirləri birmənalı qarşılanmayıb və bu yöndə müzakirələr günlərdir davam edir.

Maraqlıdır, şahmatçının indi ifadə etdiyi, amma zaman-zaman müxtəlif şəxslər tərəfindən səsləndirilmiş “kişilər qadınlardan güclüdür” fikrinin hər hansı əsası varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Samirə Bağırova bunları deyib:

“ABŞ-də aparılmış təcrübbələr göstərib ki, məntiq və riyaziyyat üzrə qadınların yalnız 15% yüksək nəticə göstərə bilib ki, bu da kişilərlə müqayisədə çox aşağı faiz təşkil edir”.

Bununla belə psixoloq qadınların zəif olması fikri ilə razılaşmayıb:

“Qadın uğursuzluğa düçar olduqda daha da inadlaşır, məqsədinə çatmaq üçün mübarizə aparır, vasitələr axtarır. Qadın hansısa vəziyyəti ümumi dəyərləndirə bilirsə, kişi  yalnız detallara diqqət edir. Qadın özünə güvəndiyi halda, kişi məntiqinə arxalanır. Qadın bir neçə işi eyni anda görə bildiyi halda, kişi sıra ilə və uzun zaman içində bir iş görə bilir. Qısası, qadın vəziyyətə ümumi yanaşır, kişi detallara fokuslanır. Müəyyən hallarda hər ikisinin yanılma ehtimalları da mümkündür”.

Psixoloq etiraf edir ki, tarix boyu bir çox kəşflərin müəllifləri məhz kişilər olub. O, bunun səbəbini kişinin öz hiss və emosiyalarını qadın qədər xaricə çıxara bilməməsi ilə izah edib:

“Xaricə çıxan emosiya (ağlamaq, gülmək, zarafat, qışqırmaq, qeybət,təsirə düşmək, söhbətlər, beyində bir neçə mövzuya yer ayırmaq, eyni anda bir neçə məsələni düşünmək) enerji itkisidir ki, bu da qadınlara xas xüsusiyyətlərdir. Kişilər isə emosiyalarını kontrolda saxladıqları üçün hansısa məsələyə kökləndiklərində bütün emosiya və enerjilərini bir məqsədə yönəldirlər”.

Digər müsahibimiz, şahmatçı Vasif Durarbəyli isə deyir ki, ölkəmizdə qadın şahmatçıların kişilərdən geridə qalmasının bir neçə səbəbi var:

Vasif Durarbəyli liderliyini qorudu İdman Xəbərləri – Allsport.az

“Birinci səbəb statistikadır. Şahmatla məşğul olan qadınların sayı kişilərdən dəfələrlə azdır. Şahmatla məşğul olanların sayındakı çoxluq bu sahədə uğur qazananların statistik göstəricilərinə də təsirsiz ötüşmür. İkinci səbəb isə inamdır. Bizim cəmiyyətdə qadınlara özünəinam aşılanmır. Bizim cəmiyyət qadınların kişilərdən aşağı olduğu düşüncəsindədir”.

Şahmatçının sözlərinə görə, qadın kişilərlə eyni səviyyədə mübarizə apara bilməyəcəyinə inanırsa, onda hansı nəticədən danışmaq olar?

“Polqar ailəsi qadınların kişilərlə eyni səviyyədə mübarizə apara biləcəyini isbatlamış örnəklərdəndir. Lazlo Polqar 3 qızını kişilərlə bərabər dərəcədə mübarizə apara biləcəyinə inandırmış və onları doğulandan buna hazırlamışdır. İki bacı qrosmeyster, bir bacı isə beynəlxalq usta titulunu qazanıb. Qrosmeyster Judit Polqar dünyanın ən güclü 10 şahmatçı siyahısına düşməyi bacarıb”, – deyə şahmatçı bildirib.

Mədinə Useynova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*