Seksual oriyentasiyasına görə ailəsi tərəfindən təzyiqlərə məruz qalan Sevgiya Sübhani İsmayılova videomüraciət yayıb.
KONKRET.AZ xəbər verir ki, 18 yaşlı tələbə bundan öncəki müraciətini anasının təsiri altında etdiyini bildirib:
“O videonu yazmağa anam məcbur etmişdi. Mən onun öyrətdiyi kimi danışmışam. O videonu çəkdiyimə görə məni zəncirdən azad etdi. Onun əli mənim əlimə bağlı idi. O videonu çəkəndən sonra zəncirdən azad olduğum üçün qaça bilmdim. O videoda söylədiklərimin hamısı yalandır. İndi dediklərim isə doğrudur, çünki indi təhlükəsiz yerdəyəm. Təsir altında çəkdiyim videonu yayandan yarım saat sonra qaça bildim. Bir sözlə, o videoda söylədiklərim yalandır, bu isə doğrudur”.
Sevgiya bundan əvvəlki videomüraciətində “Mən sadəcə, o cəmiyyətdən, o qruplaşmadan qaçdım” deyərək, rəfiqəsi Polinanın Rusiya mətbuatına verdiyi açıqlamasının yalan olduğunu, Azərbaycana könüllü gəldiyini bildirmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya mətbuatında Sevgiyanın rəfiqəsi onun ailəsi tərəfindən qaçırılaraq təzyiqlərə məruz qaldığını, evdə dustaq edildiyini bildirərək ictimaiyyətdən kömək istəmişdi. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və eynicinsli sevgilisi barədə etiraflardan sonra başlayıb. Qızın anası lezbiyanlığını etiraf edən 18 yaşlı övladını zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantları əlindən alıb.
Milliyyətcə azərbaycanlı olan İsmayılova Rusiyanın Norilsk şəhərində doğulub. O, Krasnoyarsk Dövlət Tibbi Universitetinin tələbəsidir.
Milliyyətcə azərbaycanlı olan, Krasnoyarsk sakini Sevgiya Sübhani İsmayılova Bakı polisi tərəfindən paytaxtdakı sığınacaqlardan birinə yerləşdirilib. Zəruri olan bütün hüquqi tədbirlər həyata keçirilib. Sağlamlığı qaydasındadır.
BAKU.WS