“Sərnişinlər “AZAL”ın qiymətləri endirəcəyini gözləməsinlər, sərhədlər isə bu tarixdən açılacaq” – ÖZƏLbackend

"Sərnişinlər "AZAL"ın qiymətləri endirəcəyini gözləməsinlər, sərhədlər isə bu tarixdən açılacaq" - ÖZƏL

Türkiyədə baş verən güclü zəlzələdən sonra qardaş ölkəyə gedən turistlərin sayında azalma müşahidə olunur. Elə Azərbaycandan da Türkiyəyə səfərə getməyə hazırlaşanlar yeraltı təkanların davam etməsi səbəbindən bu planlarından daşınırlar. Bu səbəbdən yerli turizm şirkətləri tur paketlərin qiymətlərində endirimlər etməyə başlayıblar. Amma bütün bunlara rəğmən “AZAL”ın bilet qiymətlərini endirməməsi diqqətdən yayınmır. 

Mövzunu KONKRET.az-a şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, bazarda “AZAL”ın təkbaşına böyük bir oyunçu olması, bilet qiymətlərinin bahalığına təsir edən əsas faktordur: “Yerüstü xidmətlər də “AZAL”ın törəmə şirkətləri tərəfindən həyata keçirildiyindən, onların da qiyməti bahadır. Yəni insanların təhlükəsizlik keçidindən istifadəsindən tutmuş, təyyarələrin təmizlənməsinə, onların yanacaqla doldurulmasına qədər bütün servis xidmətləri “AZAL”ın törəmə şirkətləri tərəfindən həyata keçirilir. Bütün bu xidmətlər üçün hər sərnişinə görə pul hesablanır. Bazarda “AZAL”ın hegemonluğu qiymətlərin digər şirkətlər üçün də baha olmasını labüd edir. Bu problemdən yeganə həll yolu isə rəqabətli mühit formalaşdırmaqdır. Eyni vəziyyət 2004-cü ilə qədər Gürcüstanda mövcud olub. Lakin sonra hava məkanı açıldı. Öncə 9 şirkət, daha sonra 12, indi isə 21 şirkət Gürcüstanın hava məkanına daxil oldu. Nəticə etibarilə bu gün Gürcüstandakı qiymətlər Azərbaycandan 2-3 dəfə ucuzdur. Yəni ancaq rəqabət qiymətləri aşağı sala bilər”.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərlinin sözlərinə görə, “AZAL”ın bazardakı payı təxminən 96 faizə bərabərdir: “Bu rəqəm artıq hər şeydən xəbər verir. Ona görə də, sərnişinlər “AZAL”ın qiymətləri aşağı salacağını gözləməsinlər. Rəqibi yoxdursa, şirkət bunu niyə etsin ki? Quru sərhədləri bağlıdır, başqa şirkətləri də bazara buraxmır. Bir neçə reys edir və yaxşı pul qazanır. Belə olan halda “AZAL” qiymətləri niyə endirməlidir?”.

Ekspert quru sərhədlərinin hansı səbəblərdən açılmaması ilə bağlı sualımızı belə cavablandırıb: “Sərhədlərin açılmaması artıq pandemiya ilə əlaqəli deyil və bu, hamıya aydındır. Hətta Bakıda postpandemiya dövrünə aid konfranslar keçirilir. Sərhədlərin bağlı qalmasının səbəbi təhlükəsizliklə bağlıdırsa, bu, anlaşılan deyil. Çünki Gürcüstan və Ermənistanın quru sərhədləri açıqdır. Amma biz onlardan güclü ölkəyik və sərhədlərimizi daha yaxşı qoruya bilirik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayında pandemiyanın rəsmən bitdiyini elan edə bilər. Belə olan halda Azərbaycan quru sərhədlərini nə üçün bağlı saxladığını izah edə bilməyəcək. Ona görə də, quru sərhədlərinin uzun zaman bağlı qalacağını düşünmürəm. Gözləntim ondan ibarətdir ki, Novruz bayramından sonra, yəni aprelin 1-nə qədər quru sərhədləri açılacaq. Çünki bunu pandemiya adı altında uzun müddət bağlı saxlamaq Azərbaycanın beynəlxalq imicinə çox ciddi təsir göstərir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*