“Səsləndirilən fikirlər Azərbaycan ordusuna qarşı atılan böhtanlardır” – Polkovnik SƏRT DANIŞDIbackend

“Səsləndirilən fikirlər Azərbaycan ordusuna qarşı atılan böhtanlardır” – Polkovnik SƏRT DANIŞDI

“Azərbaycan Ermənistan ərazisinə təcavüz edib” iddiasını Paşinyandan sonra Pelosi və digərlərinin səsləndirməsi dünyada ölkəmizin imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Çünki Azərbaycan ordusu sadəcə olaraq öz ərazi bütövlüyünün təmin olunması və erməni təxribatının qarşısının alınması üçün silaha əl atıb. Lakin ölkəmizə qarşı qərəzli mövqedən çıxış edənlər və uğurlarımızı gözü götürməyənlər Azərbaycan ordusunun guya sentyabr döyüşlərində Ermənistan ərazisinə daxil olduğuna dair uydurma fikirlər səsləndirərək dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.

Mövzu ilə bağlı KONKRET.aza açıqlama verən hərbi ekspert Ramiz Şərifov bildirib ki, səsləndirilən fikirlərin hamısı saxta ittihamlardır: “Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olmayıb. Hələ Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən edilməyib. Bu səbəbdən də onların sərhədini keçdiyimizi heç kim deyə bilməz. Çünki aramızda heçbir müqavilə yoxdur. Hətta konkret olaraq hansı xəritə əsasında sərhədlərin müəyyən ediləcəyi də məlum deyil. Ona görə də, bütün səsləndirilən fikirlər Azərbaycan ordusuna qarşı atılan böhtanlardır”.

Hərbi ekspert əlavə edib ki, 10 Noyabr Bəyannaməsində Zəngəzur dəhlizi ayrıca bir bənd olaraq öz əksini tapıb: “Biz Laçın dəhlizinə alternativ yolu tikib istifadəyə verməli idik. Hansı ki, bunu həyata keçirdik və dünya standartlarına uyğun yol inşa edərək istismara verdik. Ermənilər də elə bir yol verməli idi ki, Azərbaycan Naxçıvanla birləşsin. Biz öz öhdəliyimizi yerinə yetirsək də, Ermənistan müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırır. Qazağın 7 kəndini geri qaytarmır. Yəni bütün bunlar onu göstərir ki, Ermənistan 10 Noyabr Bəyannaməsinin bəndlərini yerinə yetirmir. Sülhməramlılar isə öz üzərlərinə düşən vəzifələrə laqeyd yanaşırlar”.

Ramiz Şərifovun sözlərinə görə, əgər rəsmi İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, bu zaman biz gedib Ermənistanın ərazisində vuruşmayacağıq: “Biz bu halda Laçın dəhlizini bağlaya bilərik. Onda vəziyyət Ermənistan üçün heç də yaxşı olmayacaq. Amma hələlik Azərbaycan sülh yolu və Rusiyanın vasitəçiliyi ilə Zəngəzur dəhlizinin açılması məsələsini reallaşdırmağa çalışır və məsələni Ermənistanın qarşısına konkret şəkildə qoyur. Biz öz üzərimizə düşən öhdəlikləri yerinə yetirdiyimiz kimi, onlar da eyni addımı atmalıdırlar. Bunu istər könüllü, istərsə də zor gücü ilə həyata keçirəcəyik. Amma güc yolu ilə dedikdə ordumuzun gedib Zəngəzurda döyüşəcəyini nəzərdə tutmuram. Sadəcə olaraq biz Laçın dəhlizini bağlayacağıq. Çünki bu, Azərbaycan ərazisidir və bütün dünya tərəfindən belə tanınır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*