Səudiyyə Ərəbistanı yaxın gələcəkdə Çinə böyük həcmdə neft satışı ilə bağlı razılığa gəlib. Bu məsələdə ən diqqət çəkən məqam odur ki, Çin höküməti qarşı tərəfə ödənişi yuanla edəcək. Bu isə ABŞ dollarına çox böyük zərbə ola bilər. ABŞ-ın hər zaman strateji tərəfdaşı sayılan Səudiyyə Ərəbistanı höküməti indiki gərgin vaxtda bəs niyə belə bir addım atıb?
Səudiyyə Ərəbistanının rəhbərliyi Vaşinqtondan niyə bu qədər incidir?
KONKRET.az xəbər verir ki, Trampın prezidentliyi dövründə Ağ Evin Müdafiə Departamentinin rəsmisi olan Elbridge Kolbi bununla bağlı “Fox News”-un efirində Tucker Karlsona bəzi açıqlamalar edib.
Onun fikrincə, bu Bayden administrasiyasının strateji planlaşdırmasının uzaqgörən olmamasının və səmərəsizliyinin məntiqi nəticəsidir. “Bizim həyatımıza ən pis təsir edən amil dolların “oynaması” ola bilər. Bu isə dünya iqtisadiyyatında iki qütbün amansız mübarizəsi nəticəsində ola bilər. Qütblərin birinə ABŞ, digərinə Çin rəhbərlik edir. Bu qütbləşmə hesabına dolların “oynaması”və infilyasiyanın ağır nəticələri təkcə ABŞ-da deyil, iqtisadi dayanıqlığı zəif olan ölkələrdə daha çox hiss olunacaq”-deyə Kolbi bildirib.
O əlavə edib ki, mən sizinlə razıyam, biz dolların hökmranlığı haqqında ciddi və ayıq düşünməli, həm də ondan istifadəyə maksimum diqqət yetirməliyik. Səudiyyə Ərəbistanı ilə yaranan qlobal böhran Bayden adminstrasiyasının strateji planlaşdırmadakı korazehin olmasının və səmərəsiz fəaliyyətinin “acı meyvələridir”.
Bayden Administrasiyası səudiyyəlilərə qarşı sərt davranıb. Bəli, Camal Qaşıqçının qətli son dərəcə xoşagəlməz hadisə idi. Amma sabah kömək istəyəcəyin dövlətlə kimə və nəyə görəsə bu gün münasibətləri korlamamalısan.
Bu, nəticələrə strateji məqsədəuyğunluq prizmasından baxmaq zərurətini nümayiş etdirən yeganə nümunə deyil. Siyasət nə qədər çirkin bir şey olsa da orda da yüksək mənəvi xarakter nümayiş etdirməyə bacarmalısan. Əks halda, biz uzunmüddətli perspektivdə amerikalıların maraqlarını müdafiə edə bilməyəcəyik.
Xatırladaq ki, bu günlərdə Co Bayden Səudiyyə şahzadəsinə zəng vurub. Lakin şahzadə ABŞ prezidentinin telefonuna cavab verməyib. Bu isə Vaşinqtonla Ər-Riyad arasında çox ciddi problemlərin yarandığına bir işarədir.
“Fox News”, ABŞ. 17 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az
