Sığortalı daşınmaz əmlaka ziyan dəyərsə, nə qədər məbləğ ödənilir? – AÇIQLAMAbackend

Sığortalı daşınmaz əmlaka ziyan dəyərsə, nə qədər məbləğ ödənilir? - AÇIQLAMA

Məlum olduğu kimi, Milli Məclisin deputatı Razi Nurullayev parlamentin iyunun 5-də keçirilən iclasında deyib ki, əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir. O vurğulayıb ki, bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq.

KONKRET.az xəbər verir ki, mövcud vəziyyətlə bağlı Pravda.az-a açıqlama verən sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirib ki, əmlakın icbari sığortası adından da görüldüyü kimi icbaridir, məcburidir.

Onun sözlərinə görə, əmlak sığortası ilə bağlı cərimə mexanizmi tam tətbiq olunmadığından insanlar onu könüllü formada yazdırır:

“Həmçinin vətəndaşlar hansısa qurumda əmlaklarını sənədləşdirən zaman həmin qurumun əmlakın sığortası ilə bağlı tələbi olarsa, bu halda əmlaklarını sığortalayırlar. Bunun da əsas səbəbi düşünmürəm ki, qiymətə görə olsun. Çünki Bakı şəhəri üçün sığorta haqqı 50 manatdır. 25000 manat təminat verir, azadolma məbləği 250 manatdır. Gəncə, Naxçıvan, Sumqayıt şəhərlərində 40 manat sığorta haqqıdır, sığorta məbləği, yəni verdiyi təminat 20000 manat, azadolma məbləği isə 200 manatdır. Digər bölgələrimiz və şəhərlərimizdə isə sığorta haqqı 30 manat, azadolma məbləği 150 manat, təminat isə 15000 manatdır. Hazırkı bazar prosesləri də göstərir ki, mövcud qiymətlər ən aşağı sığorta haqlarını əks etdirir və təminat səviyyəsi də yüksəkdir. Əlavə olaraq, vətəndaşlar əmlakı könüllü qaydada sığortalaya bilərlər ki, əmlakın dəyərini hadisə zamanı tam ala bilsinlər. Bildiyiniz kimi, burada təminatlar standartdır. Dəymiş zərərlə bağlı 25000 manata qədər ödənilir. Əmlak sığortası prosesinin zəif getməsinin səbəbi ilk növbədə cərimə mexanizminin tətbiq olunmaması, ümumiyyətlə, sığorta ilə bağlı maarifləndirmənin çox zəif olması və hazırda insanların sığorta sektoruna inamının qənaətbəxş olması ilə əlaqədardır. Bu məsələlər düzələrsə, düşünürəm ki, icbari sığorta müqavilələrinin rəsmiləşdirilməsində artım gözlə görünəcək dərəcədə yüksələr. Həm də insanlar sığortanın digər könüllü növləri ilə bağlı özləri büdcələrindən məbləğ ayırarlar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*