Qazaxıstanın “Silk Way” beynəlxalq telekanalı Azərbaycanın 14 kabel televiziyası operatorunun kanallar paketinə daxil edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Kanalın direktoru Yerkezhan Kuntuqanın sözlərinə görə, Azərbaycan Audiovizual Şurasının dəstəyi ilə “Silk Way” telekanalı [email protected], BAKTELECOM, AZTELEKOM, BİRLİK, AZOL TV, AZEUROTEL, AZERİ TV, BOSS GROUP, GSP, EUROSEL, RAHAT TELECOM, BEEONLINE, MEGALINK TV, ODTV-də olacaq.
Qeyd olunub ki, telekanal test rejimində yayımlanır, operatorlar isə texniki parametrləri yoxlayırlar.
Digər ölkələrdə olduğu kimi, Azərbaycan tamaşaçıları çoxkanallı formatda rus, ingilis, qazax, qırğız və ya özbək dillərindən birini seçə bilərlər.
Məlumata görə, “Silk Way” həmçinin “Eutelsat Hot Bird 13” və “Yamal 401” peyk platformalarında mövcuddur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Qazaxıstana rəsmi səfəri iki ölkənin KİV-ləri arasında fəal qarşılıqlı fəaliyyətə yeni təkan verib.
Dövlət başçıları Qazaxıstan və Azərbaycan mediasının iki ölkə xalqları arasında əlaqələrin qorunub saxlanılmasında və möhkəmləndirilməsində konstruktiv rolunu vurğulayaraq, bu sahədə əməkdaşlığı inkişaf etdirməyi tapşırıblar.
“Silk Way” telekanalı azərbaycanlı tamaşaçılara orijinal müəllif proqramları, sənədli film layihələri təqdim edəcək.
İqbal Rzayev,
KONKRET.az