Məhbusların (Qarabağ separatçılarını nəzərdə tutur) azad edilməsi üzrə işlər davam edir, lakin təəssüf ki, heç bir nəticə yoxdur.
KONKRET.az xəbər verir ki, bunu NEWS.am-ın müxbirinə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsində erməni məhbusların nümayəndəsi, Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin rəhbəri Siranuş Saakyan deyib.
“Əsas insan hüquqları komponenti olan COP29-dan böyük gözləntilərimiz var. Realist yanaşma olduğu halda, biz “rəhbərliyin” (separatçıların) azad ediləcəyini proqnozlaşdırmırıq, lakin digər kateqoriyadan olan məhbusların azad edilməsini istisna etmirik. Məsələn, 2023-cü il müharibəsinin hərbi əsirləri humanitar jest fonunda azad edilə bilər”, – Saakyan bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində işin istiqaməti diplomatiyaya yönəlməlidir:
“Bu addımlardan biri də İnsan Hüquqları Şurasının hazırkı sessiyasında məsələnin gündəmə gətirilməsidir”.
Bakıda separatçıların hərbi-siyasi “rəhbərliyinə” qarşı məhkəmə prosesi ilə bağlı Saakyan bildirib ki, Azərbaycan indiki tarixində ermənilərə qarşı bir dənə də olsun bəraət hökmü çıxarmayıb.
Günel Mikayılova,
KONKRET.az