ABŞ-ın Luiziana ştatında dövlət məktəblərində sinif otaqlarında “On əmr” yazılmış plakatların asılmasını tələb edən qanun qəbul edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Luiziana qubernatoru Jeff Landri bildirib ki, “On əmr”in bütün dövlət məktəblərinin sinif otaqlarında asanlıqla oxuna biləcək qədər böyük şriftlə yerləşdirilməsini tələb edən qanunu imzalayıb. “On əmr” ABŞ-da təxminən 300 il ərzində xalq təhsilinin mühüm hissəsini özündə ehtiva edir. Bu plakatların 2025-ci ilə qədər siniflərdə görünməsi nəzərdə tutulur. Ümumiyyətlə isə “On əmr” Sina dağında Musaya verilən ilk ilahi əmrlər kimi tanınır.
Qanuna görə, plakatların dəyəri dövlət vəsaiti ilə deyil, ianə hesabına ödəniləcək.
Amerika Vətəndaş Azadlıqları Birliyi başda olmaqla bəzi təşkilatların birgə bəyanatında vurğulanır ki, bu qanun uşaqların bərabər təhsil almasına mane olacaq və fərqli inanclı şagirdlərin məktəblərdə özlərini təhlükəsiz hiss etməməsinə səbəb olacaq. Bu qərara qarşı iddia qaldırılacağı bildirilib.
Natiq Səlim,
KONKRET.az