İraqın kürd əsilli mərhum prezidenti Cəlal Talabaniyə yaxın mənbə kürdlərin Türkiyədən ultimatum aldığını bildirib.
KONKRET.az xəbər verir ki, “BasNews”a danışan mənbə anonimliyin qorunmasını istəyib: “Türklər Mənbic və Tel Rifatı boşaltmaq üçün bizə 72 saat vaxt verdilər. Əks halda onlar hərbi əməliyyata başlayacaqlar”, – mənbə deyib. Həmçinin əlavə edib ki, Rusiya xarici işlər naziri Lavrov Türkiyəyə bunun üçün yaşıl işıq yandırıb.
Bundan əvvəl Ankara Suriyanın şimalını PKK ilə əlaqəsi olan terrorçu qruplardan təmizləmək üçün yeni hərbi əməliyyata başladığını elan edib. Bölgədən gələn xəbərlərdə əməliyyata hazırlıqların tamamlandığı, çoxlu sayda hərbi texnika və canlı qüvvənin Türkiyə ordusunun nəzarətində olan bölgələrə köçürüldüyü bildirilib.
Qeyd edək ki, iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bir sıra regional məsələlər, o cümlədən Suriya böhranı ilə bağlı danışıqlar aparıb. Yekun mətbuat konfransında çıxış edən Lavrov Rusiyanın Suriyanın şimalında təhlükəsizlik təhdidləri ilə bağlı Türkiyənin narahatlığını anladığını qeyd edib və ABŞ-ı bölgədəki “terror təşkilatlarını dəstəkləməkdə” günahlandırıb.
Bildirilir ki, Ankara Rusiyanın tələbi ilə Rakka yaxınlığında yerləşən Ayn İsa şəhərini antiterror əməliyyatı planından çıxarıb, Tel Rifat və Mənbiclə kifayətlənməyə razılaşıb.
Məlumata görə, Türkiyənin dəstəklədiyi müxalif Suriya Milli Ordusu da kürdlərlə döyüşməyə hazırlaşır. Belə ki, minlərlə əsgər və yüzlərlə maşın Tel-Rifat yaxınlığındakı Azezu kəndindən keçib və Türkiyənin kürd mövqelərinə hücum əmrini gözləyir.
Bu arada Suriya diktatoru Bəşər Əsəd “Rossiya Seqodnya” qəzetinə deyib ki, onun qoşunları Türkiyə ilə döyüşməyə hazırdır, bunun üçün bölgəyə əlavə qoşun kontingenti yeridilib.
Xatırladaq ki, 2020-ci ilin fevral və mart aylarında türk qoşunları Suriyanın şimalında əməliyyata başlayanda Bəşər Əsəd ordusu onların irəliləməsini dayandırmağa çalışsa da, pilotsuz təyyarələrin dəqiq hava zərbələrindən sonra ağır itki verib. Belə ki, 1500-ə yaxın əsgər və 100 ədəd hərbi texnika həmin vaxt məhv edilib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
