“Sözdən əmələ” keçə bilməyən deputatın “QƏLƏMİ QIRILDI”backend

"Sözdən əmələ" keçə bilməyən deputatın "QƏLƏMİ QIRILDI"

Sevinc Paşayeva, jurnalist

Şahin Seyidzadə bəydir. Pardon, bəy deyib xətrinə də dəymiş olmayaq. Elə Şahin müəllim deyək, ya da ki, artıq eks-deputat kimi də müraciət edə bilərik. Çünki “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri təyin edildiyi üçün bu gün mandatından imtina edib.

Əslində şəxsən mən onun adını ilk dəfə Hökməlinin Atyalı yaşayış massivində çəkiliş edərkən eşitmişəm. O da ki, çox qəribə bir tərzdə.

Sosial problemlər məngənəsində sıxılan sakinlərdən “Millət vəkiliniz kimdir?” soruşanda çox fikirləşdilər. Axırda qəsəbədəki tikinti malları mağazasından ağ bir qələm gətirib üstünü oxumağımı xahiş elədilər. Dedilər ki, bax, bu qələmi son parlament seçkiləri zamanı onlarla görüşən bir namizəd paylayıb və daha iddialı olduğunu deyib.

Qələmin üzərində yazılan “Sözdən əmələ” sloqanı müəllimin çox iddialı olmasına bizdə də şübhə yeri qoymadı. Ona görə də qələmin o biri üzündə əks olunan nömrəyə zəng vurub, seçicilərinin problemlərindən xəbərdar olub-olmadığını soruşmaq istədik. Zəngimizə təbii olaraq özü yox, köməkçisi cavab verdi. Öyrəndik ki, sən demə, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Milli Məclisdə Şahin Seyidzadə adlı millət vəkilimiz də təmsil olunurmuş.

Müxtəsər, köməkçi deputatın sakinlərin problemləri ilə maraqlanıb-maraqlanmadığı ilə bağlı sualımıza ümumən belə cavab verdi ki, müxtəlif vaxtlarda bir neçə dəfə seçicilərlə görüşlər keçirilib, müraciətlər dinlənilib, lazımi orqanlara müvafiq sorğular göndərilib və s. və i. “Bizim işıqlandırdığımız problemlərlə bağlı hansısa addımlar atılıbmı?” sualımıza isə hələ də konkret cavab gəlməyib. Və sözsüz ki, bundan sonra da gəlməyəcək. Ondan ötrü ki, Şahin müəllim “Sözdən əmələ” keçənə qədər mandat da əldən getdi. Daha nə deyək?..

Onsuz da özümüz deyib, özümüz eşidirik. Məclis elə həmin Məclisdir, yəni toxunulmazlıq qazanmaq, sərvətləri qorumaq və daha böyük vəzifələrə adlamaq üçün vasitədir ki vasitə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*