“Azərbaycanda avtoxuliqanlıq halları ilə bağlı inzibati tədbirlər və cəzalar hüquqi çərçivədə müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, avtoxuliqanlıq sürücünün ictimai asayişi və əhalinin dincliyini kobud şəkildə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının heçə sayılması ilə müşayiət olunan qərəzli hərəkətləri kimi qiymətləndirilir”.
Bu fikirləri hüquqşünas Tural Həsənli KONKRET.az-a açıqlamasında səsləndirib.
Tural Həsənli
“Qanunvericiliyə görə, aşağıdakı hallar avtoxuliqanlıq hesab olunur: İki və ya daha çox avtomobilin iştirakı ilə sürət yarışlarının təşkili; Avtomobilin bir və ya bir neçə təkərinin yer səthindən qaldırılaraq idarə edilməsi; Qəfil sürətlənmə nəticəsində təkərlərin yol səthinə sürtünməsi ilə səs-küy yaradılması və izlərin qalması”.
Ekspert vurğulayır ki, qanunvericilik bu cür hallara görə aşağıdakı cəzaları nəzərdə tutur:
Avtoxuliqanlıq hesab olunan qeyd olunan əməllər üçün aşağıdakı cəzalar nəzərdə tutulur:
* Nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
* Nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Aynurə Ismayil,
KONKRET.az