Respublikanın Maliyyə Nazirliyindən KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna verilən məlumata görə, Tacikistan hökuməti beynəlxalq maliyyə qurumlarından yaxın üç ildə təxminən 1 milyard dollar iqtisadiyyata cəlb etməyi planlaşdırır. Bu vəsaitlər ölkənin 2020-2022-ci illər üçün dövlət xarici borclanma proqramına daxil edilib.
Bu proqrama görə, hökumət 2020-ci ildə ölkəyə 220 milyon dollar vəsait cəlb etməyi planlaşdırır. Bu rəqəmin 2121-ci və 2022-ci illərdə müvafiq olaraq 336.4 milyon dollar və 365.3 milyon dollar olacağı proqnozlaşdırılır.
Mənbə bildirir ki, Tacikistanın bu ilin ikinci rübünün əvvəlindəki ümumi xarici borcu 2,9 milyard dollardan çox olub ki, bu da ölkə ÜDM-nin 38%-ni təşkil edir.
Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Neft İxrac edən Ölkələr Birliyi (OPEC), Küveyt İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu, Əbu Dabi Fondu və Avropa İnvestisiya Bankının kreditləri 20-40 il müddətinə verilmişdi və Tacikistan üçün güzəştlər meyarlarına cavab verirdi.
Kreditlər üzrə faiz dərəcələri illik 0,75% ilə 2.0% arasında dəyişir, borcun əsas məbləğinin qaytarılması üçün güzəşt müddəti 4-10 il arasında dəyişir.