Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzv koordinat ölkələrinin birlikdən çıxması və ya üzvlüyünün dayandırılması ilə bağlı prosedurlar hazırkı müqavilədə nəzərdə tutulmayıb. Bu məsələ ilə bağlı hüquqi mexanizmlər dekabr ayınadək araşdırılacaq.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Hazırda üzvlüyün dayandırılmasının hansı nəticələrə səbəb olacağını öyrənəcəyik. Məsələ ondadır ki, Aİİ haqqında müqavilədə nə üzvlüyün dayandırılması, nə də üzv ölkələrin ittifaqdan xaric edilməsi mexanizmi mövcuddur. Buna görə də bütün bu məsələlər hüquqi baxımdan diqqətlə araşdırılmalıdır”, – deyə Overçuk qeyd edib.
O, Ermənistanla bağlı tətbiq edilən məhdudiyyətlərin siyasi deyil, iqtisadi xarakter daşıdığını vurğulayıb.
“Hazırda adi iş prosesi gedir. Burada siyasət yoxdur, söhbət sırf iqtisadi münasibətlərdən gedir. Hər şey mövcud qaydalara uyğun həyata keçirilir”, – deyə o əlavə edib.
Rusiya rəsmisinin sözlərinə görə, əgər İrəvan Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirsə, Moskva Ermənistanı həm Aİİ çərçivəsində, həm də ikitərəfli sazişlər əsasında göstərilən dəstəkdən məhrum edə bilər.
Overçuk bildirib ki, Ermənistanda keçiriləcək seçkilərdə avropapərəst qüvvələrin qələbə qazanacağı təqdirdə Rusiya “müvafiq addımlar” atacaq.
“Biz gələcəyini Avropa İttifaqında görən bir ölkəni maliyyələşdirmək niyyətində deyilik. Avropa İttifaqı Rusiya ilə qarşıdurmaya hazırlaşır. Sabah bizimlə qarşı-qarşıya gələ biləcək qüvvələri niyə dəstəkləməliyik?” – deyə o bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
