Rusiya Prezidenti Vladimir Putin bu günlərdə keçirdiyi müşavirədə Ukrayna müharibəsi ilə bağlı yeni fikirlər səsləndirib. Belə ki, Putin əməliyyatın lap əvvəlində Kiyev hakimiyyətinə müxtəlif kanallarla mənasız qan tökülməsinin qarşısını almaq üçün hərbi əməliyyatlara başlamamaq, sadəcə olaraq qoşunlarını Donbasdan çıxarmağı təklif etdiyini və Ukraynanın bununla razılaşmadığını söyləyib.
Putinin söylədiyi bu fikirlərlə bağlı KONKRET.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Rusiya Ukraynanın işğalına bu formada haqq qazandırmağa çalışır:
“Dünyanın bütün siyasi liderləri öz maraqlarına uyğun addım atır və bəyanatlar verir. Putinin, Baydenin yaxud Makronun Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər hansısa səmimi fikir söyləməsini düşünmək ağılsızlıq olar. Çünki hər kəs öz dövlətinin maraqlarını güdür. Hər halda Putin Ukraynada başladığı müharibəni nə ilə isə əsaslandırmalıdır. O məsələnin mahiyyətini heç vaxt açıq şəkildə ictimaiyyətə söyləməyəcək. Vaxtilə ABŞ İraqın ərazisinə qoşun yeridəndə deyirdi ki, İraqda atom bombası və nüvə silahı var. Lakin sonradan ABŞ rəsmiləri üzr istəyib etiraf etdi ki, İraqda atom bombası yoxdur. İndi Rusiya Ukraynanın işğalına bu formada haqq qazandırmağa çalışır. Böyük dövlətlər hər zaman öz imperiya ambisiyalarını həyata keçirmək istəyir. Rusiya, guya, Donbasın müqəddəratından narahat idi. Prinsipcə Donbas Ukraynanın ərazisidir. BMT də Donbası Ukrayna ərazisi kimi tanıyır. Bu müharibəyə Rusiya özünün imperiya ilə bağlı istəklərinə çatmaq üçün başlayıb. Ortada əzilən isə İraq, Əfqanıstan, Ukrayna kimi dövlətlər olur. Baş verən hadisələr Azərbaycan üçün nümunə olmalıdır. Gələcəkdə imperialist dövlətlərin qurbanına çevrilməmək üçün Azərbaycan çox ehtiyatlı davranmalıdır”.

Politoloq bildirib ki, Rusiya informasiya məkanında ABŞ-a uduzur:
“Putin ictimai rəyi formalaşdırmaq üçün bu açıqlamanı verib. Rusiya informasiya məkanında ABŞ-a uduzur. Amma hərbi sahədə Rusiyanın məğlub vəziyyətdə olduğunu deyə bilmərik. Ukraynanın əsas şəhərləri mühasirədədir. Rusiya müvafiq an gözləyir ki, o şəhərləri işğal etsin. Ukraynanın hava məkanı məhv edilib. ABŞ Zelenskinin istəyini yerinə yetirmədi və hava uçuş zonasını bağlamadı. Lakin Rusiya informasiya məkanında tamamilə məğlub vəziyyətdədir. Təəssüf ki, Rusiya qarşısına qoyduğu hədəflərə addım-addım yaxınlaşır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
