Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilirbackend

Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti” mövzusunda panel müzakirəsi təşkil olunub.

KONKRET.az xəbər verir ki, paneldə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də şəhərsalma, ərazi planlaşdırılması və uzunmüddətli regional inkişaf prosesinin ayrılmaz hissəsidir.

Komitə sədri qeyd edib ki, münaqişədən sonrakı genişmiqyaslı bərpa proseslərində “əvvəl təmizlə, sonra qur” yanaşmasından inteqrasiya olunmuş modelə keçid zəruridir. Minatəmizlmə fəaliyyətinə dair məlumatlar ərazi planlaşdırılmasının mühüm komponentinə çevrilməli, torpaqların təhlükəsizliyi və əlçatanlığı inkişaf prioritetlərinin müəyyənləşdirilməsində nəzərə alınmalıdır.

Anar Quliyev Azərbaycanın təcrübəsinin münaqişədən və böhrandan sonrakı bərpa prosesləri üçün nümunə ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsiz ərazilərin yaradılması yalnız minalardan təmizlənmiş torpaq sahələrinin formalaşdırılması demək deyil. Bu proses həmin ərazilərdə şəhərlərin, kəndlərin, məktəblərin, xəstəxanaların, yolların, enerji sistemlərinin, iqtisadi fəaliyyətin və nəhayət, insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının əsasını təşkil edir.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri bütöv ərazilərin transformasiyasını nəzərdə tutur. Bu baxımdan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti ayrı-ayrı şəhər və yaşayış məntəqələrinin planlaşdırılması ilə məhdudlaşmır, ərazilərin uzunmüddətli inkişafını müəyyən edən məkan çərçivəsinin formalaşdırılmasını da əhatə edir”, — deyə A.Quliyev əlavə edib.

Komitə sədrinin sözlərinə görə, bu yanaşmanın praktiki ifadəsi olaraq təxminən 13 600 kv.km ərazini əhatə edən, 12 şəhər, 11 qəsəbə və 286 kəndi birləşdirən regionun Baş Planı hazırlanaraq təhvil verilib. Bundan əlavə, bütün 12 şəhər, 106 qəsəbə və kəndin ayrı-ayrılıqda da baş planları hazırlanıb. Bu planlar 24 700 hektardan çox ərazini əhatə edir və təxminən 538 min nəfər üçün planlaşdırma çərçivəsi yaradır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 12 şəhər və 80-dən çox kənd və qəsəbədə tikinti işləri davam edir. Artıq 10 şəhər, 3 qəsəbə və 34 kənddə ilk yaşayış məhəllələri istifadəyə verilib, indiyədək 16 500 yeni yaşayış vahidinin tikintisinə icazə verilib.

Yaşayış məskənlərində 30-dan çox məktəb və məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, Qarabağ Universitetində isə 2 100-dən çox tələbə təhsil alır. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə artıq təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır.

Bərpa prosesinin yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmadığı, regionun yeni nəqliyyat və iqtisadi bağlantı strukturunun formalaşdırılması məqsədilə 3 beynəlxalq hava limanı, 150 kilometrdən çox dəmir yolu bağlantısı və ümumi uzunluğu 3 800 kilometrdən çox olan 68 yol layihəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

A.Quliyev çıxışında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığın da ərazi planlaşdırılmasının inkişafında mühüm rol oynadığını bildirib. O, “Davamlı şəhər inkişafı üçün inteqrasiya olunmuş məkan planlaşdırılması – Azərbaycan Respublikasının Şərqi Zəngəzur regionunda ağıllı, dayanıqlı və inklüziv yaşayış məntəqələrinə doğru” layihəsi çərçivəsində Kəlbəcər və Cəbrayıl rayonlarında məkan planlaşdırılması üzrə işlərin aparılacağını açıqlayıb.

Qeyd edək ki, IV Beynəlxalq Minatəmizləmə Konfransı Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*