Təhsil haqqının ödənilməsi minlərlə tələbə üçün hələ də əsas problemlərdən biri olaraq qalır. Təkcə 2025-ci il ərzində təhsil haqqının ödənilməməsi və digər səbəblərdən 8 min tələbə ali təhsil müəssisələrindən uzaqlaşdırılıb.
Bu da son dörd ildə iki qat artım deməkdir. KONKRET.az xəbər verir ki, maraqlıdır ki, Təhsil Tələbə Kredit Fondundan (TTKF) Bizim.Media-nın sorğusuna verilən cavaba əsasən, fondun fəaliyyətə başladığı 2021-ci ildən indiyədək 33 mindən çox tələbəyə kredit ayrılıb.
Bir tərəfdən kreditlərindən yararlananların, digər tərəfdən isə maliyyə səbəbindən universitetdən uzaqlaşdırılanların sayı artır. Yaranan bu ziddiyət ortaya suallar çıxarır:
Mövcud mexanizm bütün ehtiyacı olan tələbələri əhatə edirmi, yoxsa artımın arxasında başqa səbəblər dayanır?
Məsələ ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Əmrah Həsənlinin fikrincə, təhsil kreditinin mövcudluğu bu problemin tam həll olunduğu mənasına gəlmir.
“Təhsil üçün kredit fondu vacib mexanizmdir, lakin bütün tələbələrin ondan yararlanması mümkün olmur. Bəzi tələbələr müəyyən meyarlara uyğun gəlmir, bəziləri müraciət prosedurunu bilmir, bir qismi isə ümumiyyətlə borca girmək istəmir. Xüsusilə aztəminatlı ailələrdən olan tələbələr üçün təhsil haqqını ödəmək çətin olduğu halda, əlavə maliyyə öhdəliyi götürmək psixoloji maneə yarada bilir. Elə tələbələr də var ki, maliyyə çətinliyi ilə üzləşdikdə kredit imkanından xəbərdar olsalar belə, müraciət prosesinə vaxtında başlaya bilmirlər”.
Problemin həlli üçün universitet, Təhsil Tələbə Kredit Fondu və tələbə arasında daha çevik mexanizm qurulmalıdır
Ə.Həsənli bildirir ki, tələbə təhsil haqqını vaxtında ödəyə bilmədikdə dərhal universitetdən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşməməli, ona kredit, möhlət, hissə-hissə ödəniş və digər alternativlər barədə məlumat verilməlidir:
“Təhsil kreditlərinin əhatə dairəsi genişləndirilməli, müraciət prosesi daha da sadələşdirilməlidir. Məqsəd yalnız kredit alan tələbələrin sayını artırmaq deyil, maddi səbəbdən heç bir tələbənin ali təhsilini yarımçıq qoymamasını təmin etmək olmalıdır. Çünki təhsil haqqını müəyyən müddətdə ödəyə bilməmək tələbənin illərlə davam edən təhsilinin və gələcək karyera imkanlarının itirilməsi ilə nəticələnə bilər”.
Ötən il ümumilikdə 12 969 tələbə təhsil müəssisəsindən xaric olunub
Qeyd edək ki, “AzEdu.az”-ın.məlumatına əsasən, ötən il təhsil haqqının ödənilməməsi, dərs buraxılması və ya tələbənin öz istəyi ilə təhsil müəssisəsindən xaric edilməsi səbəbindən ümumilikdə 12 969 tələbə xaric olunub. Onlardan 6 122-si bakalavriat, 1 897-si magistratura, 2 624-ü tam orta ixtisas bazası, 2 326-sı isə ümumi orta ixtisas bazası üzrə olub.
Hesabata əsasən, akademik borca görə 938 tələbə təhsil müəssisəsindən xaric edilib. Onlardan 684-ü bakalavriat, 36-sı magistratura, 73-ü tam orta ixtisas bazası, 145-i isə ümumi orta ixtisas bazası üzrə qeydə alınıb.
